Azərbaycan Qarabağ üzərində yekun nəzarəti bərqərar etməyə doğru gedir. Bakı Qarabağ məsələsinin öz xeyrinə yekun həlli istiqamətində kəskin addım atıb. Laçında Qarabağı Ermənistanla birləşdirən yeganə yolda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması o deməkdir ki, hazırda Azərbaycan Ordusu maddi-texniki təchizata tam nəzarət edir. İrəvanın buna qəzəbdən başqa heç bir etirazı yoxdur. Rusiya tərəflər arasında dialoqun zəruriliyindən danışmağa üstünlük verir ki, bu da Azərbaycanın güclü mövqedən çıxış etməsi deməkdir. Azərbaycan hakimiyyəti Qarabağ məsələsini həll olunmuş hesab edir.
AzerTimes xəbər verir ki, bu barədə “Kommersant.ru”da yayımlanan məqalədə deyilir.
“Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılması İrəvanda hiddətləndirici fikirlərə səbəb olub. Keçid məntəqəsinə Qərbdən də reaksiya gəlib. ABŞ Dövlət Departamenti bildirib ki, Bakının bu addımı sülh prosesinə etimadı “sarsıdır”. Paris isə qeyd edib ki, Bakının hərəkətləri atəşkəs bəyannamələri çərçivəsində götürdüyü öhdəliklərə ziddir”, – yazıda deyilir.
Qeyd olunur ki, bu açıqlamalar Bakıya o qədər də təsir etməyib:
“Sözügedən bəyanatların fonunda Bakı hərəkətlərini qanuni adlandırıb. Azərbaycan hesab edir ki, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmaq qərarı qanunidir və beynəlxalq hüququn bütün normalarına uyğundur. Üstəlik, Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Buna əsaslanaraq, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxışa nəzarət etmək hüququna hörmət etməli və onu qəbul etməlidir. Eyni zamanda, Azərbaycan Ermənistanı yoldan qanunsuz olaraq silah və sursat daşınması, eləcə də Qarabağda erməni hərbçilərin rotasiyasını həyata keçirmək üçün istifadə etməkdə ittiham edib. Orada “etnik təmizləmə” hazırlamaq ittihamlarını isə absurd adlandırılıb”.