Ermənistan müdafiə nazirinin birinci müavini Edvard Asryanın ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahını ziyarət etməsi İrəvanın Kremlə qarşı növbəti demarşıdır.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Asryan ziyarət zamanı ABŞ-ın Avropa komandanının müavini general-leytenant Stiven Başamdan Ermənistan ordusunda islahatlar aparılması üçün Pentaqonun İrəvana dəstək verməsini xahiş edib:
“Belə qərarlar Vaşinqtonda verilsə də, amerikalı general erməni həmkarına vəd verib ki, Ermənistan hərbçilərinin peşəkar səviyyədə hazırlanmasında, idarəetmə sisteminin modernləşməsində, hərbi təhsil və təlimlər məsələsində İrəvana dəstək verəcəklər. Amerikal general onu da deyib ki, bununla bağlı yeni proqramlar hazırlanacaq.
Göründüyü kimi, Ermənistan Azərbaycandan nümunə götürərək ordunu NATO strandartları əsasında formalaşdırmaq istəyindədir. Bu mürəkkəb prosesdir, kifayət qədər böyük maliyyə tələb edir. Digər tərəfdən orduda islahatlar aparmaq üçün keçmiş sovet və hazırki Rusiyaya bağlı zabit heyətini dəyişmək lazımdır. Ermənistan hökuməti bu zaman ordu generalları arasında ciddi müqavimətlə üzləşəcək”.