PUA bizim bildiyimiz klassik formada idarə olunmur və o qədər də böyük deyil. Əgər Ukrayna və Rusiya arasındakı məsafəni nəzərə alsaq, sözügedən PUA ilə belə bir hücumun həyata keçirilməsi o qədər də mümkün görünmür.
Bu sözləri AzerTimes-a Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
“Ona görə də əməliyyatın Moskvada planlaşdırılması, orada, hətta Kremlə yaxın məsafədə bir yerdə gerçəkləşdirilməsi də mümkündür. Qərb mediası isə bunu gizli təşkilatların və ya kəşfiyyat orqanlarının xalqı qızışdırmaq və hədəfdəki şəxsə, ölkəyə və s. qarşı qaldırmaq üçün həyata keçirilən “false flag” (saxta bayraq) əməliyyatı adlandırıb. Yəni Rusiya bunu özü təşkil edib, ancaq hədəf kimi Ukrayna və Qərbi göstərir. Ancaq bu, məntiqli deyil. Çünki hər iki hücum ölkənin qəlbinə, yəni Kremlə edildi və dövlətin imicinə çox mənfi təsir göstərdi. Rusiya dövlətinin şüurlu şəkildə özünə belə ağır zərbə vurması ağlabatan deyil”, – Akyar bildirib.
Onun sözlərinə görə, əməliyyat Rusiya xüsusi xidmət orqanlarının zəifliyini üzə çıxardı:
“Birinci hücum ilə ikincisi arasında 16 dəqiqəlik fasilə var. Bunun özü də hücumun yaxın məsafədən gerçəkləşdirilməsinin sübutudur. Fikrimcə, hədəf Rusiyada qorxu yaratmaq yolu ilə paradın təxirə salınmasına nail olmaq idi. Yəni birinci mərhələdə parad ləğv olunmalı, ikinci mərhələdə Rusiyanın Qərbdən çəkinməsi, hətta paytaxtda dövlət tədbiri keçirəcək gücdə olmamasının təbliğatı aparılmalı idi. Bu baxımdan hücumun hədəfinə çatmadığını deyə bilərik. Qərb eyni zamanda Rusiyanın HHM sistemlərinin zəif olduğunu bildirirlər. Ancaq hazırda əksər ölkələrin HHM sistemləri klassik mənada hədəflər üçün nəzərdə tutulub. PUA-lara qarşı sistemlər isə hələ yeni formalaşma mərhələsindədir. Eyni zamanda Kremlə hücumda istifadə edilən PUA-ların qarşısını almaq o qədər asan deyil. Bunlar digərlərindən fərqlənir. Lakin bütün hallarda baş verən hücum Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi çatışmazlıq və boşluqların olduğunu deyə bilərik. Çünki yuxarıda da qeyd etdiyimiz kimi bu tip PUA-lar ilə çox uzun məsafədən hücum təşkil etmək mümkün deyil. Ona görə də Moskvada Kremlə hər hansı bir yaxın məsafədə belə əməliyyatın keçirilməsi xüsusi xidmət orqanlarının çox ciddi mənada zəifliyini göstərir”.