Kiyev həm hədəfləri, həm də zərbə üçün vasitələri Vaşinqtonun diktəsi ilə seçir.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ukrayna PUA-larının Kremlə hücumu araşdırılır:
“Biz inanırıq ki, bu işin arxasında Kiyev var. Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür”.
D.Peskovun sözlərinə görə, sözügedən hadisədən sonra Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatının” məqsəd və vəzifələri dəyişməyib:
“Biz cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçiririk. Hazırda Kremldə vəziyyət normaldır, hər kəs öz işi ilə məşğuldur. Kremlin təhlükəsizliyi daha da gücləndiriləcək”.
Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.