Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan…

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan…

Ermənistan Baş naziri Nikol Paşinyanın son bir ay ərzində atdığı addımlar Rusiya ilə hərbi-siyasi münasibətlərin tamamilə məhv edilməsinə yönəldiyi təəssüratını yaradır.

Bu sözləri AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

O bildirib ki, Nikol Paşinyan Vladimir Putini 15-17 martda prezident seçkiləri münasibəti ilə ən gec təbrik edən KTMT və Aİİ üzvü oldu:

“Rəsmi protokol təbrikini əhatə edən qısa təbrik mətninin ardınca Paşinyanın Putinə təbrik zəngi də olmadı. Ən qalmaqallı məsələ isə 22 mart “Krokus” teraktından sonra yaşananlardır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının teraktı pisləyən bəyanatına qoşulmaqdan rəsmən imtina etdi və bunu KTMT-də fəaliyyətinin dondurulması ilə izah etdi. Halbuki KTMT-də fəaliyyəti dondurmaq teraktı pisləyən bəyanata qoşulmağa mane olmamalıdır. Üstəlik, Paşinyan teraktdan sonra de-yure strateji müttəfiqi olan Vladimir Putinə telefon da açmadı. Nəzərə alın ki, Ermənistanda Rusiyanın bazaları var və bu ölkənin sərhədini 4 mindən çox rus sərhədçisi qoruyur. Ermənistan iqtisadiyyatının 70 faizi, AES də daxil olmaqla, enerji idxalının isə tamamı Rusiyanın əlindədir. Putinə iki ciddi hadisə üçün zəng etməyən və teraktı pisləməyən Paşinyan əvəzində 5 apreldə Ermənistan-ABŞ-AB görüşünə hazırlaşır”.

Politoloqun sözlərinə görə, artıq Kreml bu görüşlə bağlı ciddi narahatlığını açıq şəkildə ifadə edib:

“5 aprelə nəzərdə tutulan görüşdə Ermənistana ABŞ və AB-nin dəstəyi rəsmiləşdiriləcək və bu dəstək, sənəddə əksini tapıb-tapmamasından asılı olmayaraq, yalnız iqtisadi sazişlərlə məhdudlaşmaya bilər. Ermənistanın Rusiyadan həddən artıq iqtisadi asılılığının olduğunu Qərb də bilir və böyük ehtimalla, bu görüş bu asılılığın yaxın perspektivdə aradan qaldırılması üçün ciddi sazişlərlə yadda qalacaq. Proses sinxron aparılır: rus sərhədçilər Zvartnots hava limanından çıxarılır, paralel olaraq bütövlükdə Ermənistan sərhədlərindən çıxarılması aktuallaşır, KTMT-də fəaliyyət dondurulur, rəsmi İrəvan Rusiyaya siyasi münasibətlərdə Qərbin mövqeyini dolayısı ilə bölüşdüyünü əməli olaraq göstərir. Yalnız ciddi iqtisadi bağlar var ki, görünür, hazırkı fəaliyyət əsasən bunun üzərindədir. Ancaq hərbi dəstəyin də vəd ediləcəyi şübhəsizdir və AB artıq Fransa, Yunanıstan, Kiprin timsalında bunu nümayiş etdirir”.

Politoloqun fikrincə, Cənubi Qafqazdan Rusiyanın çıxarılması prosesi sürətlənib və bu tələskənlik və təzyiq ciddi fəsadlara səbəb ola bilər:

“Kremlyönlü politoloqlar artıq Ermənistanın cəzalandırılması lazım olduğunu açıq şəkildə bildirirlər. Rusiyanın əlində ciddi iqtisadi təzyiq vasitələri var və mümkündür ki, ilk təzyiq də iqtisadi olacaq. Ancaq ABŞ və AB cəmi 2 milyon civarında əhalisi olan Ermənistanı Rusiyanın mümkün iqtisadi təzyiqindən qorumaq imkanındadırlar. Kreml də bunu hesablayır, bu isə o deməkdir ki, daha fərqli müdaxilə mümkündür. Rusiya öz regional mövqelərini hansı üsullarla qoruduğunu nümayiş etdirir. Bu baxımdan Azərbaycan politoloqlarının 5 aprel görüşünün sülh prosesinə zərbə vuracağı ilə bağlı narahatlıqları ciddi qəbul edilməlidir”.

Politoloq onu da xatırladıb ki, Ermənistanda terror aktlarının mümkünlüyü də istisna edilməməlidir:

“Ermənistanda ordunun Paşinyanın əmrlərini yerinə yetirməməsi çağırışından tutmuş polis idarəsinə bir neçə gün öncə baş verən bombalı hücuma qədər, müxtəlif ssenarilər müşahidə edirik. Ümumilikdə isə ermənilər bir xalq olaraq terrorçu xüsusiyyətlərinə malik olduqlarını dəfələrlə yaxın tariximizdə sübut ediblər. Söhbət təkcə 70-ci illərdə SSRİ-də, 80-ci illərdə Fransada və yaxud 1992-ci ildə Xocalı da daxil olmaqla, Azərbaycanda törədilən teraktlardan getmir, elə 1999-cu il Ermənistan parlamentindəki teraktı xatırlamaq kifayətdir ki, bu xalqın mahiyyətində terror dayandığını müşahidə edəsən. O ayrı məsələ ki, dünyada terror təşkilatları quran xalqlar sırasında ermənilər başda gedir, hazırda VOMA, “Sasna Tsrer”, “Döyüş qardaşlığı” adlı faktiki təsdiqlənmiş 3 terror təşkilatı faktiki olaraq Ermənistanda açıq fəaliyyət göstərirlər. Onlar silahlarla da təchiz edilib və təlim düşərgələri də mövcuddur. Bu terror təşkilatlarının aktivləşməyəcəyinə kimsə zəmanət verə bilərmi?”

Teqlər: