Azərbaycanlı fəalların Xankəndi ətrafında aksiyası rus sülhməramlı kontingentinə qarşı deyil, öz qanunsuz silahlı birləşmələrini hələ də Qarabağ ərazisindən çıxarmayan ermənilərin təxribatlarına qarşıdır.
Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov AzerTimes-a müsahibəsində deyib.
“Hər bir sülhməramlı əməliyyat təkcə hərbi deyil, həm də hərbi-siyasi xarakter daşıyır. Buna görə də istənilən vəziyyətə reaksiya eyni anda iki xətt üzrə əlaqələndirilir. Kontingent komandiri və onun tabeliyində olanlar peşəkar olduqları üçün ordu direktivləri ilə deyil, ilk növbədə siyasi göstərişləri rəhbər tuturlar. Yaxın vaxtlarda Kremldən yeni tapşırıq gələcək – erməni millətindən olan bütün silahlı şəxslərin Qarabağ ərazisindən çıxarılmasına dair. Bunu rus sülhməramlılar həyata keçirəcək.
Rusiya ilə Azərbaycan arasında münasibətlərdə təxribat yaratmağa var gücü ilə çalışan ermənilərin cəhdlərindən də danışmaq lazımdır. Biz bu təxribatları həm Qarabağda, həm də Rusiya ərazisində müşahidə edirik. Sülhməramlıların Qarabağdakı əsas missiyası bu ərazidə ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmanın qarşısını almaqdır. Şübhəsiz ki, sülhməramlıların rəhbərliyi ermənilərin mümkün təxribatlarını nəzərə alaraq, hələ də azərbaycanlı ekoloqların bu ərazilərdə fəaliyyətlə məşğul olmasına imkan vermir. Düşünürəm ki, onlar əvvəlcə Qarabağ ərazisində gizlənən erməni qanunsuz silahlı birləşmələri təmizləyəcək, sonra isə Bakının ekoloji missiyaları fəaliyyətə başlayacaq”.