Kreml səhv etdi: Tokayev üzünü Bakıya çevirir

Kreml səhv etdi: Tokayev üzünü Bakıya çevirir

Əslində Qazaxıstan artıq BTC vasitəsilə öz neftinin müəyyən qismini Azərbaycan üzərindən dünya bazarına çıxardır. Azərbaycanın sahib olduğu infrastruktur daşınan neft və qaz miqdarının daha da artırılmasına imkan verir.

Bu sözləri AzerTimes-a Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin neft və qazın Rusiyadan yan keçməklə, Transxəzər marşrutu ilə dünya bazarına çıxarılması barədə tapşırıq verməsini şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professorun sözlərinə görə, Rusiya atdığı yanlış addımlarla Qazaxıstanı itirir:

“Bölgədə şaxələndirilmiş enerji marşrutları vacib iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Yəni enerji resurslarınız ola bilər, lakin alternativ marşrutlara sahib olmağınız çox önəmlidir. Rusiya hazırda Qazaxıstanla münasibətlərində ciddi səhvlərə yol verir. Moskva yalnız onun kimi düşünənləri və hərəkət edənləri öz müttəfiqi hesab edir, yalnız öz maraqlarını nəzərə alır. Lakin ölkələr arasında əlaqələrdə bütün tərəflərin maraqları diqqətə alınmalıdır. Əks halda tamamilə qarşıdakı dövlətin maraqlarına uyğun hərəkət etmək elə həmin dövlətdən asılılıq mənasına gəlir. İndi Rusiyanın Qazaxıstanın öz neftinin üçdə ikisindən çoxunu daşıdığı Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir aylıq dayandırması rəsmi Nur-Sultanın milli təhlükəsizlik maraqlarına zərbədir. Ona görə də Tokayevin sözügedən addımı çox yerindədir və Qazaxıstan haqlıdır. Hər bir müstəqil dövlət özünün gələcəyi haqqında düşünməlidir. Rusiya istəmir deyə, Qazaxıstan ticarətini dayandıra bilməz. Dünyada belə qayda yoxdur”.

Teqlər: