Kreml “Vaqner”in rəhbəri Yevgeni Priqojinin təsirini zəiflətməyə çalışır. Xüsusilə Priqojin açıq şəkildə Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasındakı münaqişəni qəsdən işıqlandırmaqda ittiham olunur.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putin cəbhə xəttindəki uğurları Müdafiə Nazirliyi və Baş Qərargahın planları ilə əlaqələndirib. Onun bəyanatı dövlət televiziya kanalları ilə canlı yayımlanıb və Putinin Ukraynadakı taktiki irəliləyişləri şərh etməkdən çəkindiyini nəzərə alsaq, çox güman ki, bu, Priqojinin Rusiya media məkanındakı təsirini sarsıtmaq üçün məqsədyönlü verilib. Putin Rusiya mediasına nəzarəti əlində saxladığını nümayiş etdirməyə çalışıb, Priqojin isə Teleqram və digər sosial şəbəkələrdə auditoriyasını artırmağa davam edir”, – məlumatda deyilir.
Qeyd olunur ki, Kremlin sözçüsü Dmitri Peskov dolayısı ilə Priqojini Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında münaqişəni informasiya məkanında qəsdən işıqlandırmaqda ittiham edib:
“Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında davam edən münaqişə ilə bağlı xəbərləri təkzib etməyə çalışan Peskov yanvarın 16-da deyib ki, bu xəbərlər “informasiya manipulyasiyasının məhsuludur”. Bununla belə, Peskov əlavə edib ki, bu manipulyasiyaların əksəriyyəti Rusiyanın “düşmənlərindən” gəlsə də, Kremlin bəzi dostları var ki, onlar da özlərini bu cür aparırlar. Peskovun bəyanatı üstüörtülü şəkildə Rusiya Müdafiə Nazirliyinin tənqidini artıran Priqojinə yönəlmiş ola bilər”.
Priqojin isə Rusiya Müdafiə Nazirliyinin və Putinin adamlarının etibarını sarsıtmaq üçün səylərini davam etdirir:
“Priqojin Müdafiə Nazirliyi ilə özü arasındakı münaqişə ilə bağlı müsahibəsində Peskovun bəyanatına birbaşa cavab verib və bildirib ki, onun Peskova etibar etməmək üçün heç bir səbəbi yoxdur. O, münaqişə ilə bağlı xəbərləri asanlıqla təkzib edə bilərdi, lakin bilərəkdən qeyri-müəyyənlikdən istifadə etmək taktikasını davam etdirdi. Rusiya informasiya məkanında daha çox müzakirələrə səbəb olan mesajlar son nəticədə Müdafiə Nazirliyinə və Putinə inamı sarsıtmağa yönəlib”.