Kreml Navalnının cəsədini prezident seçkisinin sonuna qədər ailəyə verməyəcək, ya da heç vaxt verməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Moskva Tayms” Rusiyanın Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.
“Kreml indi Navalnı üçün yas mərasimini “söndürməyə” çalışır. Çünki o, Putinin martda keçiriləcək seçkidə yenidən prezident seçilməsini məhv edə bilər. Buna görə də hakimiyyət müxalifətçinin açıq yas mərasimindən qorxur. Bu, bizə lazım deyil, çünki bu, boss (Putin – red.) üçün problem olacaq. Hakimiyyət hətta Navalnının cəsədini heç vaxt təhvil verməmək kimi görünməmiş variantı nəzərdən keçirir. Meyitin gizlədilməsi üçün bəhanə kimi Kreml “terrorçuluq”da təqsirli bilinən şəxsin cəsədinə öz mülahizəsinə görə sərəncam vermək hüququna malik olduğunu göstərə bilər. Eyni zamanda, onlar cəsədi dəfn zamanı təhlükəli xəstəliklərin yayılması baxımından təhvil verməyə bilərlər”, – mənbə bildirib.
Qeyd olunur ki, İstintaq Komitəsi Navalnının ölümü ilə bağlı araşdırmaya başlayıb və bu, ona meyiti 30 gün ərzində (seçkinin bitməsinə az qalmış) təhvil verməməyə imkan verir. Yaxın iki həftə ərzində siyasətçinin cəsədi bir növ kimyəvi müayinədən keçəcək.