Kreml İrəvana yarım milyardlıq silah göndərir – Həm də hücum…

Kreml İrəvana yarım milyardlıq silah göndərir – Həm də hücum…

Rusiya bu il Ermənistana 500 milyon dollar dəyərində silah-sursat verəcək, silahların ilk hissəsi artıq İrəvana çatdırılıb, özü də müdafiə yox məhz hücum silahları, “Smerç” raketləri göndəriblər.

AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Rusiyanın özü Şimali Koreyadan, İrandan silah alır, Ukraynaya təcavüzünə görə hər gülləyə, raketə ehtiyacı var, amma Ermənistana yarım milyard dollarlıq silah göndərəcək:

“Bəs deyirdilər ki, Ermənistan Rusiyadan qopur, Qərbə inteqrasiya olur? İlk gündən bunun yalan olduğunu, Kremillə birgə oyun qurduqlarını izah etməyə çalışdıq. Qərbin bəzi dairələri isə ağzıayrıq şəkildə ya həqiqətləri görmür, ya da görməzdən gəlib, özlərini daha da nüfuzdan salırlar. Halbuki Rusiyanı Cənubi Qafqazda urvatsız edən məhz Azərbaycanın addımları oldu, Kreml bölgədə zəiflədi, NATO dövləti olan Türkiyə Bakının atdığı addımlar nəticəsində bölgədə ciddi oyunçuya çevrildi”.

Ekspert vurğulayıb ki, Rusiyanın Ermənistanı silahlandırdığı haqqında bir neçə gündür təsdiqini tapan məlumata Bakıdan münasibət bildirilmir:

“Belə yanaşma yanlış və ziyanlıdır. Görünən odur ki, Cənubi Qafqazda sülhü heç kim istəmir, ən böyük təhlükə də məhz budur – Rusiya sülh olacaqsa daha da zəifləyəcəyini, hər iki ölkəyə olan-qalan təsir rıçaqlarını itirəcəyini bilir, ona görə də sülhdə maraqlı deyil, Fransa və bəzi Qərb ölkələri isə ya ağılsız, ya da elə Rusiya ilə əvvəldən əlbir olduqlarına görə sülhə maneələr yaradırlar. Bəlli olur ki, dayanıqlı sülhdə Türkiyədən başqa heç bir xarici ölkənin marağı yoxdur.

Bu məqamda Azərbaycan və Ermənsitan rəhbərlərinin üzərinə ciddi məsuliyyət düşür – bütün maneələrə rəğmən sülh danışıqlarını dərinləşdirməyə cəhdləri davam etdirməli, sülhə aparan yolda ilkin razılaşma protokollarını imzalamalıdırlar.

Dünya çox qarışıb, hətta daha çox qarışacaq, dünya manyak liderlərin girovuna çevrilib, siyasət institutunun, beynəlxaql hüququn məhv olduğu günlər yaşayırıq, belə bir məqamda Cənubi Qafqazda sülhün bərqərar olması çox vacibdir, bölgəmizi ciddi təhdidlərdən kənarda tutmaq lazımdır…”

Teqlər: