Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu, 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur. Bəs, kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər?
AzerTimes xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.
“Statistikaya əsasən, istehlak krediti götürənlərin 95 faizinin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə əgər kredti götürən şəxs həyat sığortasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır”, – o bildirib.
Millət vəkili qeyd edib ki, bu baxımdan, kreditlər verilən zaman sığortadan istifadə olunması əhəmiyyətlidir:
“Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni vacib hesab edirik. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq, bu, borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər.
Digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir. Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanın həyata keçirilməsi mümkündür. Buna görə də risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə kredit götürən şəxs dünyasını dəyişərsə, o halda borcu vərəsə, yəni ailə üzvü qaytarmayacaq. Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək. Bu baxımdan da sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir”.