ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ölkəsinin hazırki səfirinin Şuşaya səfərdən imtinasının doğru olduğunu belə izah edib ki, sülh sazişi yoxdur. Yəni Kozlariçin məntiqinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişi yoxdursa, Qərb ölkələrinin səfirlərinin Şuşaya getməsi doğru deyil.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Kozlariç səfirlərin və diplomatların Şuşaya “şəkil çəkdirmək üçün getdikərini” iddia edib:
“Birincisi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Şuşaya nə dəxli var? Yəni Ermənistan Şuşanı Azərbaycan şəhəri kimi tanımalıdır ki, ABŞ səfiri tarixi şəhərimizə getsin? Bəlkə iki ölkə arasında sülh sazişi ümumiyyətlə imzalanmadı, Vaşinqton Şuşanı Azərbaycan şəhəri kimi tanımayacaq? Halbuki ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, deməli, Şuşanı da Azərbaycan şəhəri kimi qəbul edib.
İkincisi, xarici ölkə səfirləri və yüzlərlə diplomat Şuşaya yalnız Kozlariçin təbirincə desək, “şəkil çəkdirmək” üçün getməyiblər, onlar bu yolla Azərbaycanın ərazi bütövlüyünə hörmətlərini nümayiş etdiriblər”.