Dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası zamanı Ermənistan üzrə məruzəçi Yeung Kam Con bu ölkədə faşist rejimi ilə əməkdaşlıq etmiş və insanlığa qarşı cinayətlər törətmiş Qaregin Njde kimi şəxslərə heykəlin ucaldılması barədə Komitəyə məlumatların daxil olduğunu bildirib.
AzerTimes xəbər verir ki, bu xüsusda, Ermənistanda məktəb kurrikulumunun tarixin bütün aspektlərini necə nəzərə aldığını və ayrı-seçkilik olmadan tolerantlıq mühitini necə təşviq etdiyini sorğu edib.
Çıxışında ölkəsinin tolerantlıq diyarı olduğunu sübut etməyə çalışan Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan sualın ağırlığını hiss edərək, məktəb kurrikulumunun yenidən nəzərdən keçirildiyini bildirməyə məcbur qalıb. Q.Njdenin adını deməyə belə çəkinən V.Kostanyan istinad edilən şəxsin məhz XX əsrin əvvəlində, daha sonradan deyil, Ermənistan və erməni xalqı üçün vacib tarixi şəxsiyyət olduğunu deməklə Q.Njdenin faşist olduğunu təkzib edə bilməyib.
Bu cavabla kifayətlənməyən məruzəçi Y.Kam Con bu yaxınlarda belə heykəlin ətrafında mərasimlərin keçirilməsinin həmin şəxsin cəmiyyət üçün hələ də aktual olduğuna dəlalət etdiyini vurğulayıb.