Korsikada baş verənlər Fransada ikili standartların, qərəz və ədalətsizliyin hökm sürdüyünü açıq göstərir – Deputat

Korsikada baş verən hadisələr son günlər həm Fransanın özündə,
həm də bütün Qərbdə ikili standartların, qərəz və ədalətsizliyin
hökm sürdüyünü bir daha açıq-aşkar göstərir.

Bunu AzerTimes-ın sual;na cavab olaraq Milli Məclisin deputatı
Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Qarabağda baş verən hadisələri xalqların öz
müqəddaratlarını təyinetmə hüququ ilə əlaqələndirən Fransa nədənsə
Korsikada baş verənləri “separatizm”in təzahürü kimi
qiymətləndirir.

“Əcaba, səbəb nədir? Necə olur, Qarabağda baş verənlərə fərqli
mövqe nümayiş etdirən Fransa Korsikada baş verənlərə belə sərt və
kəskin reaksiya verir? Vətən müharibəsində qələbədən sonra Fransa
Senatının qondarma “Arsax”ın müstəqilliyini tanımağa çağıran
qətnamə qəbul etməsini hər birimiz yaxşı xatırlayırıq. “Arsax”ı
müstəqil görmək istəyən Fransa senatı nədən bu ölkənin öz
vətəndaşlarına hətta mədəni muxtariyyət verməkdən belə imtina edir?
Burada hətta separatizm barədə də danışmağa dəyməz, çünki heç kəs
ayrılmağı tələb etmir.

Bir daha qeyd etmək lazımdır ki, Parisin davranışı Fransa
tərəfindən tətbiq edilən ikili standartlar nümunəsidir. Fransanın
siyasi rəhbərliyi korsikalıların muxtariyyət barədə dinc
tələblərinə etinasızlıq göstərir. Ancaq, eyni zamanda, təcavüzkar
erməni separatizmini, işğalı və etnik təmizləmələri
dəstəkləyirlər”, – deyə deputat bildirib.

O qeyd edib ki, xaricdəki separatçıları tam dəstəkləyən, onların
nazı ilə oynayan Paris Fransanın qeyri-titul etnosuna mənsub olan
öz vətəndaşlarının problemlərinə biganə yanaşır.

“Fransa indi bunun cavabını alır. Hesab edirəm ki, Fransa
senatının “Arsax”ın müstəqilliyi ilə bağlı qətnamə qəbul etməsi
nəzərə alınaraq Azərbaycan Respublikasının Milli Məclisi də Korsika
ilə bağlı müzakirələr aparıb qətnamə qəbul etməlidir. Qoy, Fransa
senatı da Azərbaycanın keçirdiyi hisləri yaşasın, ədalətsiz və
qərəzli yanaşmanın hansı fəsadlar yarada biləcəyini dərk etsin.
Bəlkə, belə olduğu təqdirdə gələcəkdə Fransa siyasi elitası digər
dövlətlərin daxili işlərinə qarışaraq ədalətsiz qətnamə qəbul
etməkdən çəkinərlər” – deyə deputat əlavə edib.

Teqlər: