Korrupsiyada ittham edilən gömrük işçilərindən 7-si azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində
keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi
üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə vəkil Aqil Layıc müdafiə çıxışı edib.

Vəkil təqsirləndirilən şəxslərin işdə günahı olmadığını bildirib
və onlara bəraət istəyib.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyib.
Təqsirləndirilən şəxslər məhkəmədən bəraət istəyib.

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmdə
bildirilib ki, ibtidai istintaq zamanı bəzi təqsirləndirilən
şəxslərin hüquqları pozulub. Bəzi hallarda təqsirləndirilən
şəxslərə əsassız ittiham verilib.

Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin
308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi üzrə bəraət
verib.

Təqsirləndirilən şəxslər 311.3.1-ci maddə ilə təqsirli
biliniblər. Təqsirləndirilən şəxslərin hər birinin barəsində 62-ci
maddə tətbiq edilib və onların əməli dövlət üçün ictimai təhlükə
törədən cinayət hesab edilməyib.

Məhkəmə bu faktları nəzərə alaraq hökm elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən 7 nəfər
azadlığa buraxılıb, 1 nəfər Elmar Mirzəyev isə 5 il azadlıqdan
məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxslər –
Elmar Mirzəyevin 8 il 6 ay, Sadiq İsgəndərovun 8 il 2 ay, Rafael
Əzizovun 8 il 1 ay, Orxan Zöhrabovun 8 il 3 ay, Emin Xəlilovun 8 il
2 ay, Azər Baxşyevin 8 il 2 ay, Mirağa Ağayevin 8 il 3 ay, Ceyhun
Şabanovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən
keçirilən əməliyyatla saxlanılıblar.

Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək
barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma)
maddəsi ilə cinayət işi başlanılıb.

Teqlər: