Korrupsiya reytinqi: İrəvan və Ankaranın “yeri” şok etdi

Korrupsiya reytinqi: İrəvan və Ankaranın “yeri” şok etdi

2023-cü il üçün dünya üzrə Korrupsiya İndeksi açıqlanıb. Siyahıda 180 ölkə əks olunub.

Korrupsiya ilə mübarizə baxımından dünyada 2023-cü ildə heç bir irəliləyişin olmaması, bütün ölkələrdə bu sahənin diqqətdən kənarda qalması təəssüflə vurğulanıb. Belə ki, 100 ballıq qiymətləndirmədə heç bir ölkə ən yüksək balı ala bilməyib, ölkələrin yarıdan çoxu isə 50-dən az bal toplayıb.

Bununla belə, “indeks”də olduqca “maraqlı” yanaşmalar var. Birinci yerdə 90 balla Danimarka qərarlaşıb – yəni korrupsiya baxımından ən sağlam ölkə Danimarkadır. Finlandiya, Yeni Zelandiya, Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Almaniya, Lüksemburq ilk onluğu tamamlayır. Ənənəvi yanaşmadır, bütün reytinqlərdə bu ölkələr öndədir.

20-ci yerdə qərarlaşan Böyük Britaniya və Fransa Estoniya (12-ci yer) və Uruqvaydan daha “geridədir”.

ABŞ isə Barbarosla eyni – 24-cü yeri bölüşüb və BƏƏ-ni (26) cəmi iki pillə qabaqlayıb.

42-ci yeri tutan İtaliyanın İsrail (33), hətta Qətərdən (40) sonra gəlməsi də diqqətçəkici məqamdır.

Ən maraqlısı Azərbaycanın qonşularıdır. Gürcüstan 49, Ermənistan isə 62 yerlə bəzi Avropa ölkələrini belə “qabaqlayıb”.

Ən anlaşılmaz olan Türkiyə üçün ayrılan yerdir. Türkiyə 115-ci yerlə (34 bal) nəinki Gürcüstan və Ermənistana “böyük hesabla” uduzur, hətta Ərəbistan (53), Kuba (76), Hindistan (93), Qazaxıstan (93) və digər ölkələrdən də “geridə” qalır.

Ən dəhşətlisi Burkina Faso və Vyetnamın (83), hətta Belarus, Qambiya və Zambiyanın (98-ci yerlər), korrupsiya baxımından ciddi əziyyət çəkən Ukraynanın (104) belə Türkiyədən “öndə” olmasıdır.

Türkiyə 115-ci yeri İndoneziya, Filippin, Şri-lanka ilə “bölüşüb”. Bu sırada yalnız 33 bal alan Monqolustan və Özbəkistandan (121-ci yerlər) Türkiyədən geridədir.

“İndeks”də Mozambik və Nigeriya (145), Banqladeş, İran, Zimbabvenin (149) Azərbaycandan öndə göstərilməsi də bu siyahının hansı düşüncə ilə hazırlandığını göz önünə sərir. Azərbaycanı İraq və Qvatemala ilə 154-cü yerə pərçimləməyi normal məntiqlə anlamaq mümkün deyil.

“İndeks”in hansı prinsiplərlə hazırlandığı və qiymətləndirməni kimlərin apardığı aydındır. Əslində siyasi təbliğat vasitəsi olaraq istifadə edilən bu siyahılarda Qərbin ölkələrə münasibəti təsvir olunur. Əks halda Türkiyəni düşmən saydıqları Belarusdan, Azərbaycanı isə Rusiyadan belə çox-çox aşağı keçirməyin adı yoxdur və yaxud var: Bu “indeks” sərmayəçilərə mesajdır və investorlar bu siyahılara diqqət edirlər. Belarus və Rusiyaya onsuz da Qərb investisiyası gəlmir, gələ bilməz, çoxsaylı qadağalar var. Ona görə Türkiyədən “öndə” də ola bilərlər. Çünki siyasi iradələrini həyata keçirə bilmədikləri Türkiyə və təbii ki, Azərbaycan öndə olarsa, investisiya axınına şərait yaratmış olarlar – bu isə qətiyyən maraqlarına uyğun deyil…

Teqlər: