“Sıravi vətəndaşın vəzifəli şəxsə qarşı hər hansı iddia ilə çıxış etməsinə şərait yaradılmalıdır”.
Milli Məclisin dünən keçirilən iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun layihəsinə dəyişiklik olunub. Dəyişikliyə əsasən, korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada 5 500 manatdan yuxarı olan borcu və 1 100 manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməlidirlər.
Bu dəyişikliyin korrupsiya ilə mübarizədə mümkün təsirlərini dəyərləndirən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən dəyişikliyi müsbət hal kimi dəyərləndirmək olar:
“Çünki istənilən halda korrupsiya ilə mübarizə üçün bir baza formalaşdırılır. Sadəcə olaraq, bu bazanın tətbiq mexanizmi olmalıdır. Azərbaycanda maliyyə vəsaitlərinin bəyannaməsi ilə bağlı qanun mövcuddur. Qanunun icra mexanizmi olmadığına görə hələ də işlək deyil.
Bunun üçün Nazirlər Kabineti gəlirlərin bəyannaməsi ilə bağlı xüsusi forma hazırlamalı idi. 2005-ci ildə xüsusi forma hazırlansa da, indiyə kimi qəbul olunmayıb və bununla bağlı ictimaiyyətə məlumat verilməyib.
Əslində, bu məsələdə siyasi iradə vacib amillərdən biridir. Bundan başqa, digər amil hüquq-məhkəmə sistemində müstəqilliyin olmasıdır. Əgər nəzərdə tutulan dəyişikliyin tətbiqi ilə bağlı pozuntu halları baş verərsə, məhkəmə müstəvisində araşdırma aparmaq mümkün olmalıdır.
Yəni sıravi vətəndaşın vəzifəli şəxsə qarşı hər hansı iddia ilə çıxış etməsinə şərait yaradılmalıdır. İndiki halda belə bir şərait yoxdur. Bir sözlə, məsələyə kompleks yanaşmaq lazımdır. Əgər bu yanaşma yoxdursa, gözlənilən nəticə əldə olunmayacaq”.
Gülşən Şərif
www.yenicag.az