Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkilləri Musa Quliyev, Arzu Nağıyev və başqaları, eləcə də işəgötürənlər iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığı əsasında sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə xeyli genişləndiyini vurğulayan S.Babayev sosial tərəfdaşların korporativ sosial məsuliyyət çərçivəsində bu proqramların icrasına göstərdiyi dəstəyi qeyd edib.
Nazir həssas əhali qruplarına yönələn irihəcmli sosial layihələrdə dövlət qurumları ilə yanaşı, özəl sektoru təmsil edən şirkətlərin də iştirakını diqqətə çatdırıb. Şəhid ailələri və müharibə əlillərinin, digər həssas qruplardan olanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların avtomobillə təminatı, aztəminatlı ailələrin maddi dəstəklə təmin edilmələri və digər sahələrdə aparılan dəstək işlərində onların sosial tərəfdaşlıq müstəvisində öz töhfələrini verdiyini bildirib.
S.Babayev sosial tərəfdaşların aktiv məşğulluq tədbirlərinin icrası, özünüməşğulluq proqramının genişləndirilməsi işlərində də korporativ sosial məsuliyyət çərçivəsində dəstək göstərdiklərini diqqətə çatdırıb.
Nazir “Məşğulluq marafonu”nun da korporativ sosial məsuliyyətin bir nümunəsi olduğunu, işəgötürənlərin şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təminatına xidmət edən bu marafonda yaxından iştirak etdiklərini deyib. Qeyd edib ki, marafona artıq 610 işəgötürən qoşularaq 4030 vakansiya təqdim edib və həmin vakansiyalar üzrə 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Digər çıxış edənlər ölkəmizdə həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına xidmət edən proqramlarda sosial tərəfdaşların fəal iştirakını həmrəylik nümunəsi kimi də qeyd edərək, ümumən vətəndaş rifahının təminatı proseslərinə dəyərli töhfə olduğunu vurğulayıblar.
Sonra məşğulluq layihələrində fəal iştirakı ilə seçilən sosial tərəfdaşlara şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, gənclərin, qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlar, həmçinin “Məşğulluq” altsisteminə ən çox vakansiya yerləşdirən, “Məşğulluq” altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan, ən aktiv özəl sosial tərəfdaşlar nominasiyaları üzrə mükafatlar təqdim edilib.