Bakıda körpəsini zibil qutusuna atan anaya cinayət işi açılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyul ayının 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb. Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.
Toplanan materialda Azərbaycan Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.