Azərbaycan işğaldan azad edilmiş ərazilərini tez və məharətlə bərpa etməklə yanaşı, ölkənin müdafiə potensialını gücləndirməkdə davam edir.
AzerTimes xəbər verir ki, bunu Report-a rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O bildirib ki, son iki ildə Azərbaycan iqtisadi və müdafiə potensialını ciddi şəkildə gücləndirib:
“İşğaldan azad edilmiş ərazilərdə biz dirçəliş, irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsini görürük. Yeni yollar, “ağıllı şəhər”lər və kəndlər salınır, sənaye və nəqliyyat infrastrukturu bərpa olunur, beynəlxalq səviyyəli iri müasir hava limanları istismara verilir. Azərbaycan xalqının yaradıcı əməyi bir daha göstərir ki, işğaldan azad edilmiş ərazilər öz həqiqi sahibinə qayıdıb. O, nizam-intizamı bərpa edir, müharibənin yaralarını sağaldır və daha gözəl gələcək qurur”.
Politoloqun fikrincə, Azərbaycanı qarşıda hələ çox işlər gözləyir, çünki üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan qanunsuz silahlı birləşmələrini Qarabağ bölgəsindən çıxarmalı, qanunsuz yaradılmış separatçı administrasiya ləğv edilməli, Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası həyata keçirilməli, bölgədəki nəqliyyat kommunikasiyaları açılmalıdır:
“Ən əsası, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun gələn beş əsas prinsip əsasında sülh müqaviləsi imzalanmalıdır”.
“Rusiya ekspert birliyi adından Azərbaycan xalqına sülh, tərəqqi, inkişaf, işğaldan azad edilmiş ərazilərin tezliklə bərpa olunmasını və başları üzərində xoşbəxt dinc səma arzulayıram. İnanırıq ki, rəsmi İrəvan ilə Bakı arasında sülh müqaviləsinə alternativ yoxdur. Sülh müqaviləsinin imzalanması diplomatik baxımdan Azərbaycanın Vətən Müharibəsindəki şanlı tarixi qələbəsinin yekun təsbiti olacaq”, – İ.Korotçenko fikrini tamamlayıb.