Ərdoğan Azərbaycana səfərlə növbəti beş il üçün xarici siyasət prioritetlərini vurğuladı. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığa böyük diqqət göstərildiyini nümayiş etdirdi.
AzerTimes xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko deyib.
“Türkiyə ilə Azərbaycan arasında siyasət, iqtisadiyyat, ictimai həyat, hərbi əməkdaşlıq sahələrində çox sıx əlaqələr mövcuddur. Şübhəsiz ki, bu iki ölkə liderləri arasında şəxsi siyasi, etimad münasibətləri üzərində də qurulub. Bu da böyük ölçüdə Bakı-Ankara münasibətlərinə, əməkdaşlığa və qarşılıqlı fəaliyyətə təsir edir. Bu həm siyasi, həm də simvolik səfərdir”, – o bildirib.
Korotçenko qeyd edib ki, Əliyevin Ərdoğanla danışıqlarının gündəmindəki ən aktual mövzulardan biri Zəngəzur nəqliyyat dəhlizinin açılması olub:
“Bu məsələ İrəvana görə dalana dirənir. Nə Rusiya Prezidenti Putinin şəxsi səyləri, nə Rusiya Baş nazirinin müavini Overçukun müdaxiləsi, nə də Rusiya isteblişmentinin digər yüksək rütbəli nümayəndələrinin vasitəçiliyi bu məsələnin həllində irəliləməyə kömək edib. Bu məsələnin konstruktiv həllinə nail olmaq təklifinə İrəvan hələ də qəti fikir ayrılığı ilə cavab verir. Əslində, üçtərəfli bəyanata və ondan sonrakı bütün razılaşmalara yenidən baxılır. Çətin ki, rəsmi İrəvanın tamamilə inadkar mövqeyinə görə hansısa irəliləyiş olsun. Əliyev gec-tez Zəngəzur dəhlizinin açılacağına və bunun bütün tərəflərə, o cümlədən Ermənistanın özünə, eləcə də Rusiyaya, Qlobal Cənub ölkələri və Fars körfəzi ölkələrinə fayda verəcəyini deməkdə tamamilə haqlıdır. Amma hələ ki, İrəvanın mövqeyinə görə burada müsbət qərara ümid etmək üçün heç bir əsas yoxdur”.