Xəbər - İlhamə İsabalayeva – Trend:
COVİD-19-un yeni ştammına Azərbaycanda hələ ki, təsadüf edilməyib.
AzerTimes-ın məlumatına görə, bunu həkim-infeksionist Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, COVİD-19-un genetik mutasiyasının klinik təzahürləri barəsində indi fikir söyləmək çox tezdir. Çünki COVİD-19-un klinik təzahürləri barəsində fikirlər pandemiyanın 6-cı ayından sonra tam aydınlaşmağa başladı:
“COVİD-19-un hələ “köhnə” variantına indi də yeni-yeni klinik təzahürlər əlavə olunur. Bu səbəbdən İngiltərədə, Brazilayada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağı barədə danışmaq çox tezdir. İndi virusun hansı yaş qrupuna daha çox təsir edəcəyi, hansı orqanın yoluxma zamanı daha üst səviyyədə olacağı barədə fikir söyləmək mümkün deyil. İlk mülahizələr budur ki, yeni koronavirus növünün daha sürətlə yayılma potensialı var. Amma xəstəliyin ağırlıq dərəcəsi ilə bağlı hələ bir fikir irəli sürülməyib”.
Mütəxəssis əlavə edib ki, virusun mutasiya edilib-edilməməsinə baxmayaraq, ehtiyat tədbirləri hər zaman olduğu kimi yenə də görülməlidir. Virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır.