Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır – Nazirlik

Xəbər - Samir Əli – Trend:

PZR testi (polimeraz zəncir reaksiyası) pozitiv olan şəxslər 2 həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

O bildirib ki, özünü təcrid etməklə onlar ətrafda olan insanları virusa yoluxdurmur, eyni zamanda xəstəlik inkişaf edərsə onun ağırlaşmasının qarşısını alınır: “Xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələrdə ev şəraitində həkim nəzarətində olmalıdır. Testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir.

Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən aslı olaraq müalicə müddəti dəyişilə bilər. Orta hesabla müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər.

Qeyd etdiyim kimi xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidir”.

V.Cavadzadə deyib ki, xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilə bilər?: “Xəstəliyi yüngül və orta ağır keçirən şəxslər gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalarla qidalanmalıdırlar.


Xəstəliyi ağır keçirən şəxslərinin daimi olaraq həkim nəzarəti, laborator müayinələr və oksigenə ehtiyacı olduğu üçün stasionar müalicə olunması zəruridir.

Evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, sonradan xəstə ağırlaşıb xəstəxanaya düşməsin.

Evdə COVID-19-a yoluxmuş şəxs varsa, digər ailə üzvlərini qorumaq məqsədilə yoluxan şəxs digər otaqda yerləşdirilməlidir. Ailə üzvləri hamısı maska taxmalı, yoluxmuş şəxslə kontaktda olmamalı, otaqların havası tez-tez dəyişilməli, ümumi istifadədə olan mətbəx və sanitar qovşağı gündəlik dezinfeksiya edici vasitələrlə təmizlənməlidir. Evdə COVID-19-a yoluxmamış şəxslər varsa onlar qeyd etdiyimiz tədbirlərlə yanaşı, immun sistemin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumalı, kifayət qədər vitaminli və zülalla zəngin olan qidalar qəbul etməlidir”.

Twitter : GuleliyevSamir

Teqlər: