COVID-19 ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti avqustun 1-ədək artırılıb.
AzerTimes-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
Bundan əvvəl müddət iyunun 1-dək nəzərdə tutulmuşdu.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Qeyd edək ki, əlavələr 2020-ci il martın 1-dən ödənilir.