Koronavirusla mübarizə üçün Kubadan Azərbaycana gələn həkimlərin fəaliyyəti müzakirə olunub (FOTO)

Xəbər - Samir Əli – Trend:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Kuba Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alfredo Nieves Portuando və Azərbaycanda fəaliyyət göstərən Kuba tibb heyətinin rəhbəri doktor Dalsi Torres Avilan ilə görüşüb.

TƏBİB-dən AzerTimes-a verilən məlumatda bildirilir ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan Respublikasının işğal altında olan torpaqlarınım azadlığı uğrunda apardığı Vətən Müharibəsi və müharibə zamanı tibbi xidmətin təşkili barədə qarşı tərəfə geniş məlumat verib.

Daha sonra R.Bayramlı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında fövqəladə hadisələrə cavabvermə üzrə əməkdaşlıq haqqında Saziş”ə əsasən Kuba Respublikasının tibbi heyətinin ölkəmizdə COVID-19-a yoluxan vətəndaşların müalicəsinə cəlb olunmasının vacibliyindən danışıb.

Sonda İdarə Heyətinin sədri pandemiya dövründə Azərbaycana göstərdiyi bu dəstəyə görə Kuba Respublikasının rəhbərliyinə minnətdarlığını çatdırıb.

Kuba tərəfi isə ölkəsinin səhiyyə sahəsində Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb.


Kuba Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Alfredo Nieves Portuando öz növbəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlərə verdiyi dəstəyə görə TƏBİB rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan Respublikasını 2-ci Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə təbrik edərək, COVID-19 pandemiyası ilə mübarizədə də Azərbaycanın qalib ölkələr sırasında olduğunu bildirib.A.N. Portuando Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2019-cu ildə Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirakdan və bu görüşün Bakıda təşkil olunmasına dəstək olan ilk ölkələrdən biri olduqlarının məmnunluğunu çatdırıb.

Görüş zamanı COVID-19 infeksiyasına yoluxmuş şəxslərin müalicəsi üçün Kuba Respublikasından dəvət olunmuş və hazırda fəaliyyətini davam etdirən tibb heyətinin xidmətləri barədə müzakirələr aparılıb.

Sonda tərəflər tibb sahəsində əməkdaşlığı davam etdirmək, bu əməkdaşlığı genişləndirmək məqsədilə qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Teqlər: