Xəbər - Elçin Mehdiyev – Trend:
Hazırda koronavirusa qalib gəlməyin yeganə yolu peyvənd olunmaqdır və hər bir vətəndaş bu istiqamətdə fəallıq göstərməli, vaxtında peyvənd olunmalıdır.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, əhali nə qədər aktiv şəkildə vaksinasiya prosesində iştirak etsə, o qədər tez koronavirus bəlasından qurtula bilərik: “Artıq hər kəsə məlumdur ki, koronavirus bəlasından yaxa qurtarmaq üçün ölkə əhalisinin təqribən 60-70 faizi peyvənd olunmalıdır. Bu rəqəmə çatdıqdan sonra koronavirus bizi o qədər də narahat etməyəcək.
Bu istiqamətdə sevindirici rəqəmlər əldə edən ölkələr də var. Misal üçün İsrail artıq olduqca müsbət nəticələr əldə edib, vaksinasiya prosesindən sonra yoluxmaların sayı kəskin şəkildə aşağı düşüb. Beləki, İsrail əhalisinin təqribən 60 faizi koronavirusa qarşı peyvəndin 2-ci dozasını da vurdurub və nəticə çox müsbətdir. Ötən gün İsraildə test edilən 11482 nəfərdən yalnız 128-də koronavirus aşkar edilib. Halbuki yanvar ayında İsraildə yoluxanların sayı 10 min nəfərdən çox idi. Göründüyü kimi peyvənd öz müsbət nəticələrini verir.
Təəssüflər olsun ki, bu gün hələ də peyvənd haqqında mənfi fikir yayanlar var, əhalinin bir hissəsi yayılan əsassız məlumatlar səbəbindən peyvənd olunmağa maraq göstərmir, peyvəndin hansısa yan təsirlərinin olması barədə şayiələr yayırlar və insanlar da bu şayiələrə inanaraq peyvənd olunmaqdan çəkinirlər. Lakin göründüyü kimi yayılan məlumatların heç bir əsası yoxdur, peyvənd öz müsbət nəticələrini verir. Peyvənd sayəsində İsrail artıq koronavirus bəlasından qurtulmaq ərəfəsindədir və biz də bu sevindirici nəticəni nəzərə almalıyıq”.
Deputat qeyd edib ki, Azərbaycan vaksinasiya prosesinə ilk başlayan ölkələr sırasındadır: “Nəzərə almalıyıq ki, heç də dünyanın bütün ölkələrinin peyvənd əldə etmək imkanı yoxdur. Çox sevindirici haldır ki, Azərbaycan da dünyanın vaksinasiya aparan ilk ölkələri sırasındadır. Bu eyni zamanda onu göstərir ki, Azərbaycan dövləti üçün əsas prioritet onun vətəndaşlarının sağlamlığıdır. Hər bir vətəndaş ölkəmizdə yaradılan bu imkanı yüksək qiymətləndirməli və vaksinasiya prosesində aktiv iştirak etməlidir.
Nəzərə almalıyıq ki, əgər peyvəndlər olmasaydı bu gün bəşəriyyət dəhşətli və ağır xəstəliklərin məngənəsində boğulurdu. Əgər bu gün bu cür xəstəliklərdən azad yaşayırıqsa, bunu, peyvəndlərə borcluyuq. Ona görə də koronavirus bəlasından qurtarmağın hələki peyvənddən başqa yolu yoxdur və hər birimiz bu reallığı qəbul etməliyik”.