Xəbər - Elçin Mehdiyev – Trend:
COVİD-19 sahəsində aparılan işlər nəticəsində Azərbaycan pandemiyadan ən az zərərlə çıxan ölkələrdəndir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi çətinliklər yaranıb, amma biz öz regionumuzda olan ölkələrlə, eyni zamanda əhali sayı Azərbaycanla eynilik təşkil edən dövlətlərlə müqayisə aparsaq, ölkəmizin bu sahədə ən az zərərlə çıxan dövlətlərdən olduğunun şahidi olarıq.
Ş.İsmayılov vurğulayıb ki, birbaşa olaraq ölkə başçısının xüsusi tapşırıqları ilə atılan addımlar nəticəsində Azərbaycanda ölüm sayı az oldu, xəstələr üçün yeni maddi-texniki baza yaradıldı, sahibkarlara əlavə subsidiyalar verildi, əhalinin aztəminatlı hissəsinə maddi dəstək göstərildi və.s:
“Bundan başqa, beynəlxalq səviyyədə Azərbaycan pandemiya ilə mübarizəyə töhfə verdi. Bu gün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə kifayət qədər yaxşı əlaqləri var və bu qurum ölkəmizin pandemiya ilə mübarizəsini uğurlu təcrübə kimi dəyərləndirir.
Azərbaycan televiziyasına müsahibəsində ölkə başçısı eyni zamanda böyük dövlətlərin bu məsələdə müstəmləkəçiliyin yeni formasından istifadə etdiyini açıq şəkildə ifadə etdi.
Həmin ölkələr müstəmləkəçiliyin formasını dəyişsələr də məzmununu eyni saxlayıblar. Cənab Prezidentin də dediyi kimi, bu neomüstəmləkəçilikdir. Qoşulmama hərəkatına rəhbərlik edən bir dövlət kimi Azərbaycanın ölkə başçısı bu probləmə açıq və sərt mövqe göstərdi.
Konkret faktlarla Kanada kimi ölkələrin çirkin, qisqanc mövqeyini nümayiş etdirdi. Eyni zamanda xüsusi olaraq qeyd etdi ki, Azərbaycan hər zaman COVİD-19 sahəsində ədalətli, bərabər mübarizənin tərəfdarı və carçısı olacaq. Düşünürəm ki, burada diqqət etməli olduğumuz xüsusi bir məqam var. Ölkə başçısı qlobal səviyyədə ədalətsizliyə qarşı konkret mövqe ortaya qoyur və buna qarşı sərt münasibət bildirir. Bu hal müasir dünyada yalnız güclü dövlətlərə xasdır. Ölkə başçısının bu çıxışı bir daha Azərbaycanın güclü dövlət olduğunu, onun başçısının isə dünya səviyyəli lider olduğunu göstərdi”.