Xəbər - İlhamə İsabalayeva – Trend:
Martın 9-da paytaxtdakı 106 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunub. Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxdığına görə məktəbdə tədris müvəqqəti olaraq distant təhsil formasında davam etdirilirdi.
Onu da qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.