Koronavirus xəstələrindən rüşvət alan həkim barədə cinayət işi məhkəməyə göndərilib

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlunun qanunsuz əməlləri barədə Sabirabad rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, ibtidai istintaqla Fazil Əliyevin koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxslərin qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunmaları üçün ayrı-ayrı xəstələrdən ümumilikdə 1000 ABŞ dolları və 1800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fazil Əliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: