Koronavirus ortaya çıxan andan Azərbaycan çox sürətli tədbirlər görməyə başladı – ÜST

Xəbər - Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyası ortaya çıxdığında Azərbaycan çox sürətli bir şəkildə tədbir görməyə başladı. Öncəliklə sərhədlərdə tədbir həyata keçirildi, sonra xəstəxanalardakı infrastrukturun gücləndirilməsinə başlanıldı. Bununla yanaşı, çoxsaylı ləvazimatlar, mexaniki ventilyatorlar, oksigen konsentratorları alındı.

AzerTimes-ın məlumatına görə, bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

H.Harmancı bildirib ki, əhalinin maarifləndirilməsi, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətdə işlər görüldü:

“Bu zaman Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq əlimizdən gəldiyi qədər hökumətə dəstək verməyə çalışdıq.

Azərbaycanda pandemiya ilə mübarizədə atılan ən önəmli və uğurlu addımlardan biri də Operativ Qərargahın qurulmasıdır. Operativ Qərargahda müxtəlif nazirlik, agentlik, qurum təmsil olunur. Onların bir Qərargahda birləşməsi, bir-birindən xəbərdar olması, birgə işləməsi çox vacib idi.

Düşünürəm ki, ən önəmli və erkən nailiyyətlərdən biri də elə bu oldu. Bundan başqa, çox qısa müddətdə elektron rəqəmsal infrastruktur yaradıldı. Pandemiya çox pisdir lakin bir yandan da onunla mübarizə aparan ölkələr bir çox əskiklərini gördülər. Ölkələrin həm infrastruktur, həm də innovasion sahədə gücləndirməli olduğu yerlər müəyyənləşdi. Düşünürəm ki, qarşıdakı illərdə burdan öyrəndiklərimizlə çox böyük addımlar ata bilərik”.

Twitter: @ElchinMehdiyev

Teqlər: