Metronun “Koroğlu” stansiyasının yaxınlığında yol polisinə tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Tofiq Taleh oğlu Əliyev barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxsdən 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi götürülüb.
Qeyd edilib ki, T.Əliyev ötən gün Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. T.Əliyev bu səbəbdən yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib.