Konyalı iş adamları Azərbaycana investisiya qoymaqda maraqlıdırlar – MÜSİAD Azərbaycanın rəhbəri (FOTO)

Konyalı iş adamları Azərbaycana investisiya qoymaqda
maraqlıdırlar.

Bunu AzerTimes-a açıqlamasında Konyada səfərdə olan Müstəqil
Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanın İdarə
Heyətinin sədri Rəşad Cabirli bildirib.

O bildirib ki, Konyada səfərdə olan MÜSİAD Azərbaycan heyəti
MÜSİAD Konya rəhbəri Mehmet Hilmi Kağnıcı ilə görüş keçirib.

R.Cabirli qeyd edib ki, görüş zamanı M.H.Kağnıcı MÜSİAD Konyanın
400-ə yaxın üzvü olduğunu bildirib.

“Görüş zamanı tərəflər arasında əməkdaşlığın artırılması və
həyata keçirilə biləcək birgə layihələr ətrafında müzakirələr
aparılıb və konyalı iş adamları Azərbaycana dəvət edilib”, – deyə
R.Cabirli qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyədən olan iş
adamlarının qarşılıqlı sərmayə qoymasına şərait yaratmaq,
əməkdaşlığı gücləndirmək, Azərbaycanda investisiya imkanları və
dəstək haqqında məlumat vermək, sahibkarları Azərbaycana dəvət
etmək məqsədi ilə, MÜSİAD Azərbaycan heyəti Konya Ticarət
Palatasının sədri Selçuk Öztürk ilə də görüş keçirib.

“Görüşdə S.Öztürkə Azərbaycanda münbit investisiya şəraitinin
olması haqda məlumat verilib və eyni şəraitin Türkiyədə də olduğu
bildirilib”, – deyə R.Cabirli qeyd edib.

R.Cabirli deyib ki, Türkiyə Ticarət və Sənaye Palatasının (TOBB)
məlumatına əsasən, keçən il Türkiyədə Azərbaycan sərmayəsi ilə 237
şirkət qurulub ki, bu da 2020-ci illə müqayisədə 89 şirkət
çoxdur.

“2021-ci ildə qurulan şirkətlərin böyük əskəriyyəti, yəni 207-si
İstanbulda fəaliyyət göstərir. Hesab edirəm ki, MÜSİAD Azərbaycanın
fəaliyyəti ilə qarşılıqlı investisiya artımı olacaq”, -deyə o qeyd
edib.

Qeyd edək ki, 8-12 mart tarixlərində Türkiyənin Konya şəhərində
18-ci kənd təsərrüfatı sərgisi keçirilir. Sərgidə MÜSİAD Azərbaycan
heyəti və azərbaycanlı sahibkarlar da iştirak edir.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə ümumilikdə 12 mindən çox
üzvü, Türkiyədə isə 83 şöbəsi var.