Könül Nurullayevanın müraciəti əsasında Keşlə sakinlərinin problemi həllini tapıb (FOTO)

Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev
küçəsi 4 ünvanında yaşayan bir qrup vətəndaşın istifadə etdiyi
kanalizasiya xətlərinin təmizlənməsi və məhəllələrinin
abadlaşdırılması ilə bağlı problemi öz həllini tapıb. Belə ki,
qəsəbə sakinləri 24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli
Məclisin deputatı Könül Nurullayevaya ərizə ilə müraciət etmiş,
onları narahat edən məsələ millət vəkili tərəfindən aidiyyəti üzrə
müvafiq qurumlara ünvanlanmışdı.

Deputat qərargahından AzerTimes-a verilən məlumata görə, nəticə olaraq, “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sözügedən
məhəllədə mövcud kanalizasiya quyuları və xətləri təmizlənib. Daha
sonra isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
rəsmilərinin göstərişi əsasında təqribən 800 kvadrat metrlik
əraziyə asfalt örtüyü döşənib. Bundan əlavə, Nizami Rayon İcra
Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə
nümayəndəliyi tərəfindən həmin məhəllədə abadlıq işləri
aparılıb.

Qeyd edək ki, millət vəkili Könül Nurullayeva öz növbəsində
vətəndaşlarımızı narahat edən bu məsələnin həllində göstərdiyi
köməyə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin, habelə Nizami Rayon İcra
Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə
nümayəndəliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü
bildirib.

Teqlər: