Könül Nurullayeva: UNESCO Ermənistanın faktaraşdırıcı missiyanın işinə mane olmasına imkan verməməlidir

UNESCO bölgəyə faktaraşdırıcı missiya göndərəcək. Bu barədə fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videoformatda baş tutan görüşdə razılıq əldə olunub.
Azərbaycan hər zaman regiona faktaraşdırıcı missiyanın təşkilində maraqlı olub. Çünki Azərbaycana məxsus mədəni irsin vəziyyətinin qiymətləndirilməsinə ciddi ehtiyac var.

AzerTimes-ın məlumatıma görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, işğal dövründə mədəni-dini abidələrə qarşı vandallıq aktları barədə beynəlxalq KİV-lərdə də kifayət qədər məlumatlar yer alıb.

“Bu gün isə haqlı olaraq, indiki Ermənistan ərazisində Azərbaycana məxsus abidələrin vəziyyətilə bağlı narahatlıq UNESCO-ya çatdırılıb. Bir halda ki, missiya Ermənistana də səfər edəcək, o zaman xalqımızın əsrlərlə yaşı olan mədəni irsin tamamilə yox olma təhlükəsinin qarşısı alınmalıdır.

Tarixi faktlar təsdiqləyir ki, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırım siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bu məsələ QHT-lərin UNESCO baş direktoruna müraciətində də qeyd olunub. Azərbaycan cəmiyyəti Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin bərpasını tələb edir. Ermənistanda azərbaycanlılara məxsus 500-dən çox qəbristanlığın məhv edilməsi, Azərbaycanad aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin qəbrinin dağıdılması əsl vandallıq aktıdır. Bu, Ermənistanın heç bir ümumbəşəri dəyərləri qəbul etmədiyini təsdiqləyir”, – deyə deputat bildirib.
O qeyd edib ki, Ermənistan bu davranışlarına görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.

“Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Ermənistan bu cinayətlərini ört-basdır etmək üçün hər zaman faktaraşdırıcı missiyanın əleyhinə olub. Lakin hazırda bu səfərin reallaşması ilə bağlı razılıq əldə olunub. Sadəcə, faktaraşdırıcı missiya özü də bu faktları araşdırmaqda maraqlı olmalı, Ermənistanın posesə mane olmasına imkan verməməlidir”, – deyə K.Nurullayeva əlavə edib.

Teqlər: