Könül Nurullayeva sakinlərin üzləşdiyi problemləri müvafiq qurumlara ünvanlamaq məqsədilə qeydiyyata götürüb (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə mütəmadi səyyar görüşlərini davam etdirir.

Millət vəkilinin Deputat Qərargahından AzerTimes-a verilən məlumatına görə, keçirilən növbəti görüş İ.Həbibov küçəsi 55, 57, O.Vəliyev küçəsi 70 və Y. Səfərov küçələrində yaşayan sakinlər ilə baş tutub. Qəbul zamanı millət vəkili Nizami rayonu, İ.Həbibov küçəsi 55, 57 ünvanında yerləşən yataqxanaya baş çəkib, yataqxana sakinlərini narahat edən mühüm məsələlərlə maraqlanıb. Daha sonra isə deputat digər adı çəkilən ünvanların sakinləri ilə görüşərək onların şikayətlərini dinləyib. K. Nurullayeva seçicilərin bildirdikləri iradları və onların üzləşdiyi mühüm problemləri müvafiq qurumlara ünvanlamaq məqsədilə qeydiyyata götürüb.

Sakinləri narahat edən əsas məsələlər Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ətrafında yaşayanların qaz iyindən uzun müddət əziyyət çəkməsi, bəzi binalarda fövqəladə vəziyyətin yaşanması, işsizlik və uşaqların açıq havada fiziki məşğuliyyət və ya əyləncəsi üçün hər hansı bir şəraitin mövcud olmaması kimi dəyərləndirilib. Əlavə olaraq, K.Nurullayeva ziyarət etdiyi yataqxana sakinlərinin orada abadlaşdırma və təmir işlərinin görülməsi, həmçinin dam örtüklərinin bərpası istiqamətində etdikləri müraciətlərə də diqqət çəkib.

K.Nurullayeva bildirib ki, karantin rejiminin qaydaları çərçivəsində sakinlərlə səyyar görüşlərini bundan sonra da davam etdirəcək.

Teqlər: