Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentlərarası Birlik Beynəlxalq Təşkilatının keçirdiyi “Qadın və Qızlara qarşı Zorakılıq” vebinarında iştirak edərək Azərbaycan parlamenti və cəmiyyətinin də bu sahədə təcrübə və təkliflərini tədbir auditoriyası ilə bölüşüb.
AzerTimes-ın məlumatına görə, K.Nurullayevanın rəsmi sosial media hesablarından əldə etdiyimiz məlumata əsasən, tədbirdə dünyanın müxtəlif ölkələrindən bir araya toplaşmış qadın millət vəkilləri qadın və qızlara qarşı zorakılığın bütün növlərinin aradan qaldırılması üzrə görülən və görülə biləcək işlər, müxtəlif dövlətlərdə həyata keçirilən siyasi kurslar və uğurlu təcrübələrdən söz açıblar.
Deputat tədbirdə çıxışı zamanı Azərbaycanda zorakılıq hallarının qarşısını almaq məqsədilə həyata keçirilən dövlət siyasətindən bəhs edib, bu müstəvidə sektorlararası əməkdaşlığın və maarifləndirmə kampaniyasının uğurlu nəticələrindən danışıb. İcra mexanizmlərini gücləndirmək məqsədilə hüquqi mexanizmlərin təkmilləşdirilməsinin önəmini ifadə edən deputat, həm də mümkün qurbanlara qarşı zorakılıq hallarının qarşısını almaq üçün çağrı və konsultasiya mərkəzlərinin yaradılmasının da vacibliyini vurğulayıb.