Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisin deputatı Könül Nurullayeva 2 fevral Gənclər günü münasibəti ilə Bakı şəhəri Nizami rayonundan olan Prezident təqaüdçüləri ilə görüş keçirib.
AzerTimes-ın məlumatına görə, görüş zamanı istedadlı gəncləri daha yaxından tanımaq imkanı yaranıb. Həmçinin 44 günlük Vətən Müharibəsində vətənpərvər gənclərimizin qəhrəmanlığından da danışılıb.
Müasir gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda gənclərimizin tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğuru kimi qiymətləndirilib.
İstedadlı kadrların yetişməsində keyfiyyətli təhsilin, mükəmməl biliklərə yiyələnməyin əhəmiyyətini vurğulayan K.Nurullayeva zəhmətkeşlik və güclü iradə tələb edən bu yolda gənclərimizin yorulmadan, şərəflə çalışmalarını yüksək qiymətləndirib: “Nizami rayonundan olan gənclərimizin fonunda bütün Azərbaycan gəncliyini özəl gün münasibətilə bir daha təbrik edir, dünyanın dörd bir yanında vətənimizin başını daim uca tutacaqlarına, vətənpərvər və mərd bir şəxsiyyət, peşəkar bir kadr kimi yetişəcəklərinə inanıram”.
Görüşün sonunda istedadlı gənclərə hədiyyələr təqdim olunub.