Könül Nurullayeva İƏT PA-nın komitə iclasında Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsini bölüşüb (FOTO)

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü
Ümumi Konfransında komitə iclasları keçirilib. Qadın, gənclər və
mədəni məsələlər üzrə Komitənin təsis iclasında “Pandemiyadan
sonrakı dövrdə əməkdaşlıq: Çətinliklər və bərpa imkanları”
mövzusunda müzakirələr aparılıb.

AzerTimes-ın məlumatına görə, iclasa sədrlik edən deputat Könül
Nurullayeva Azərbaycanın Sədrliyi çərçivəsində İƏTPA komitələrinin
ilk iclaslarının keçirilməsini əlamətdar hadisə adlandırıb. O qeyd
edib ki, komitə iclaslarının fəaliyyətə başlaması İƏTPA-nın
institusional inkişafına mühüm töhfədir. Deputat bildirib ki, ötən
ilin iyununda Pakistanda keçirilən 2-ci Ümumi Konfransda İƏTPA-nın
3 Komitəsinin yaradılması razılaşdırılıb.

İclasda iştirakçıların pandemiya ilə mübarizəyə dair qısa
bəyanatları dinlənilib. Sonra K.Nurullayeva ölkəmizin təcrübəsini
bölüşüb. Deputat bildirib ki, Azərbaycan pandemiyanın başladığı ilk
günlərdən məsələyə strateji yanaşma sərgilədi, insanların
sağlamlığının qorunması əsas prioritet kimi götürüldü.

Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus
infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və
insanların sosial vəziyyətinə vurduğu zərəri minimuma endirmək üçün
vaxtında və uğurlu tədbirlər reallaşdırıldı.

K.Nurullayeva bildirib ki, pandemiya qadınlar və qızlar üçün də
dağıdıcı sosial – iqtisadi nəticələrə səbəb olur. Təsadüfi deyl ki,
dünyadakı hər beş qadının təxminən biri son bir ildə zorakılığa
məruz qalıb: “Bununla bağlı, hətta BMT-nin baş katibi Antonio
Quterreş bütün ölkələri COVİD-19 pandemiyası zamanı artan gender
əsaslı zorakılıq hallarına qarşı tədbirlər görməyə çağırıb. Hazırda
dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni qadınlar
təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə
baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə
onların ailə-məişət zəminində iş yükü daha da artır. Lakin eyni
zamanda, insanların İT sahəsində bilik və bacarıqları artmağa
başladı, sahibkarlıqla məşğul olan qadınlar elektron resurslardan
istifadə etmək bacarıqlarını artırdı, hazırladıqları məhsul üçün
satış bazarının tapılması, reklam işlərinin təşkili üzrə
biliklərini inkişaf etdirdilər. Ailədə ünsiyyətin, rol və
vəzifələrin düzgün bölüşdürülməsi prosesi reallaşmağa başladı”.

Deputat bildirib ki, qadınların hüquq və azadlıqları
güclü-dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.
K.Nurullayeva həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının yenidən bərpası və qurulmasına da toxunub. O diqqətə
çatdırıb ki, bölgədə açılacaq kommunikasiya və loqistika
layihələri, eləcə də kiçik və orta biznesin inkişafı, yeni
müəssisələr işsizlik səviyyəsini getdikcə azalacaq: “Eyni zamanda,
bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes
subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində
sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin
məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində
maliyyə dəstəyi paketi ayrılacaq”.

Pandemiyanın gənclərlə iş sahəsinə də təsirini qeyd edən
K.Nurullayeva bildirib ki, birinci aspekt gənclərin psixi durumu və
gələcəklərinə olan qeyri-müəyyənliyi ilə bağlıdır. O qeyd edib ki,
xüsusilə universiteti yeni bitirən gənclər təhsil və karyeraları
ilə əlaqədar qorxu yaşayırlar:

“Belə məsələlərin qarşısını almaq üçün müxtəlif yaş qruplarından
olan gənclər, əsasən də məktəb məzunları, ali məktəblərə daxil
olmamış birinci kurs tələbələri üçün çoxlu sayda seminarlar
keçirilə bilər: “Bundan əlavə, pandemiya əhalidən həyat tərzini
dəyişməyi tələb edən bir vəziyyət yaradıb. Ümumiyyətlə, gənclər
digər demoqrafik qruplarla müqayisədə daha çox öz davranışlarını və
həyat tərzlərini dəyişməyə hazırdırlar. Məsələn, gənc nəsil onları
iş yerinə bağlamayan və çevik qrafikə malik olmağa imkan verən
məşğulluq formasını seçməyə daha çox meyllidir.”

Deputat bildirb ki, pandemiya dövründə gənclər və qadın
problemləri ilə yanaşı, iqtisadiyyatın inkişafında xüsusi rolu olan
mədəniyyət sahəsi də ən çox zərər çəkmiş sahələrdən hesab olunur.
Muzeylər, səhnə sənətləri, canlı musiqi, festivallar, kinoteatrlar
və s. kimi sektorlar həyata keçirilən sosial məsafə tədbirlərindən
ən ağır zərbələri aldı. Deputat Azərbaycan hökumətinin bu sahədə
yaranmış problemləri aradan qaldırmaq üçün həyata keçirdiyi
tədbirlə barədə də məlumat verib.

Teqlər: