Könül Nurullayeva hökumətin hesabatına dair təkliflərini Milli Məclis katibliyinə təqdim edib

Millət vəkili Könül Nurullayeva Milli Məclisin plenar iclasında hökumətin hesabatına dair bir sıra təkliflərini Milli Məclis katibliyinə təqdim edib.

Trend xəbər verir ki, millət vəkili bildirib ki, 2020-ci ildə ölkəmizin sosial-iqtisadi həyatının bütün istiqamətlərində pandemiyanın mənfi təsirlərinə baxmayaraq, mühüm nailiyyətlər əldə olunub. “Dövlət başçısının tapşırığı ilə bütün istiqamətlər üzrə hökumət tərəfindən həyata keçirilən tədbirlər ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynamışdır. Dünyada gedən proseslər, bölgədə mürəkkəb vəziyyət və digər problemlər fonunda torpaqlarımızın işğaldan azad edilməsi, pandemiya şəraitində bu nəticələrin əldə olunması, doğrudan da, Azərbaycan üçün mühüm nailiyyətdir” bildirən K. Nurullayeva qeyd edib ki, bu naliyyətlərin davamlı və dayanıqlı olmasında hökumətin bu gün təqdim edilən hesabatında yer aldığı kimi, insan kapitalının inkişafı xüsusi rola malikdir.

Millət vəkili, həmçinin pandemiyanın təhsil sahəsinə təsirləri və ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər barədə də təkliflər irəli sürüb. Bu gün təhsilin bütün pillə və səviyyələri üzrə innovativ təşəbbüslər həyata keçirilir. Uşaq və gənclərin təhsil alma imkanlarının genişləndirilməsi, kadr potensialının gücləndirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, həmçinin təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində tədbirlər reallaşdırılıb: “Düşünürəm ki, təhsillə əlaqədar bu hesabatda müsbət və həllini tapmış məqamlardan, nailiyyətlərdən əlavə təhsil kreditinin (yaxud tələbə kreditinin) verilməsi sahəsində işlər sürətləndirilməli, gənclərin bilik və bacarığına uyğun təhsil almasına maddi səbəblər maneə yaratmamalıdır. Həmçinin virtual təhsillə bağlı konkret hüquqi baza formalaşdırılmalı, çoxsaylı texniki problemlərin aradan qaldırılması istiqamətində işlər görülməlidir. Təhsil prosesində tədrisin virtual və ya ənənəvi olmasından daha çox keyfiyyətinə, nəticələrinə görə qiymətləndirilməsinə üstünlük verilməlidir. Bu, xarici universitetlərdə virtual təhsil imkanlarının genişləndirilməsini də əhatə etməlidir”.

Millət vəkili eyni zamanda təmsil etdiyi 24 saylı Nizami birinci seçki dairəsi üzrə vətəndaşların çoxsaylı müraciətlərini də qeyd edib. Vurğulanıb ki, dairə ərazisində 47 bina hələ də mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilməyib. 27 min qeydiyyatla, 50 min isə faktiki əhalisi olan Keşlə qəsəbəsində fəaliyyət göstərən iki uşaq bağçasından biri – 278 saylı Uşaq bağçası istismara yararsız olduğu üçün fəaliyyətini dayandırıb. Həmin qəsəbə ərazisində yol infrastrukturu və internet təminatı ilə bağlı problemlər də həllini gözləməkdədir. K.Nurullayeva bu məsələlərin 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri çərçivəsində nəzərə alınmasını xahiş edib.

Teqlər: