Könül Nurullayeva Gənc Parlamentarilərin Forumunda vətənpərvər Azərbaycan gənclərindən danışıb (FOTO)

Moskva şəhərində Gənc Parlamentarilərin Forumu çərçivəsində
gənclərin iştirakçılığının müxtəlif istiqamətlərinə həsr olunmuş
diskussiya panelləri keçirilib. Hibrid formatda keçirilən
diskussiya panellərində Milli Məclisin deputatları Emin Hacıyev
(MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının
koordinatoru), Nigar Arpadarai və Könül Nurullayeva iştirak
ediblər, müzakirə olunan mövzularla bağlı fikirlərini
səsləndiriblər. Forumun “Zamanın reallıqlarında milli sağlamlıq:
gəncliyin gündəliyi” mövzusunda diskussiya panelinə onlayn formatda
qatılan deputat Könül Nurullayeva mövzu ilə bağlı çıxış edib.
Müasir dövrdə gənc nəslin həyatında yeni texnologiyaların böyük yer
tutduğunu deyən Könül Nurullayeva Azərbaycanda gənclərin rəqəmsal
bacarıqlarının inkişaf etdirilməsinə böyük əhəmiyyət verildiyini
diqqətə çatdırıb: “Azərbaycan hökuməti gənclər arasında rəqəmsal
bacarıqların inkişafına, rəqəmsal iqtisadiyyatda innovasiya,
sahibkarlıq və iş yerlərinin yaradılması üçün əlverişli mühitin
yaradılmasına diqqət yetirir.”

Əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam
həyat tərzinin təbliğinin daim Prezident İlham Əliyevin diqqətində
olduğunu deyən Könül Nurullayeva, gənclər arasında bədən tərbiyəsi
və idmanın populyarlaşması üçün görülən tədbirlərdən danışıb:
“Ölkəmizdə gənclərin ictimai fəallığının, dövlət idarəçiliyində
iştirakının stimullaşdırılması, gənc ailələrin problemlərinin həlli
və s. nəzərdə tutulan “Azərbaycan Gəncliyi” Dövlət Proqramı qəbul
edilib və uğurla həyata keçirilir. Gənc alimlərin fəaliyyətinin
inkişafı istiqamətində səmərəli tədbirlər reallaşdırılır.
Respublikanın paytaxt və rayonlarında gənclər mərkəzləri fəaliyyət
göstərir”.

K.Nurullayeva, həmçinin Azərbaycanda könüllülük hərəkatı, gənc
nəslin könüllülük fəaliyyətinə cəlb edilməsinə toxunub. Bildirib
ki, respublikada könüllülər hərəkatının güclənməsinə “Eurovision”
mahnı müsabiqəsi, ilk Avropa Oyunları və İslam Oyunları kimi
nüfuzlu tədbirlərin Bakıda keçirilməsi şərait yaradıb.
“Azərbaycanın dövlət gənclər siyasətinin digər istiqaməti gənclərin
vətənpərvərlik tərbiyəsidir” deyən K.Nurullayeva qeyd edib ki,
əslində vətənpərvərlik həm də ölkənin gələcəyi, mümkün neqativ
hallara qarşı mübarizədir: “Azərbaycanın ərazi bütövlüyünün
bərpasında xidmətləri olan, Vətən uğrunda canından keçənlərin
əksəriyyəti gənc nəslin nümayəndələri idi. Bütün bunlar
vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərin formalaşmasına
xidmət edən düzgün dövlət siyasətinin göstəricisidir. Bu gün
Azərbaycan gəncliyi həm də işğaldan azad edilmiş torpaqların
bərpasında ön sıralardadır. Bütün bunlar gənclərin milli ideya
ətrafında birləşməsində, ölkənin imicinin möhkəmlənməsində, sağlam
cəmiyyətin formalaşmasında həlledici rol oynayır.”

Teqlər: