Milli Məclisin deputatı Könül Nurullayeva “Davam” Gənclər
Hərəkatının təşkilatçılığı ilə keçirilən “Gənc Liderlər üçün Qış
Universiteti”nin üçüncü günündə “Gənclər siyasəti, gender
bərabərliyi və ictimai fəaliyyət” mövzusunda görüşdə iştirak edib.
K.Nurullayeva görüş zamanı layihə iştirakçısı olan gənclərlə mövzu
ətrafında fikir mübadiləsi aparıb, səsləndirdikləri sualları
cavablandırıb.
Belə ki, millət vəkili Könül Nurullayeva ilk olaraq ölkəmizdə
həyata keçirilən gənclər siyasətindən bəhs edib. Bildirib ki,
müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun
keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi,
dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında”
fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər
Əliyevin adı ilə bağlıdır. K.Nurullayeva, eyni zamanda ölkəmizin
idman və musiqi sahəsində beynəlxalq arenada əldə etdiyi
uğurlardan, 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan
edildiyindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev
tərəfindən əsası qoyulmuş “qara qızıl”ın insan kapitalına
çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın
artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin
müxtəlif proqramlarla dəstəklənməsinə geniş imkanlar yaradır. Könül
Nurullayeva “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Azərbaycan gənclərinin
nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının
genişləndirilməsi haqqında” Sərəncamları misal kimi göstərib.
Könül Nurullayeva daha sonra isə Azərbaycan qadınlarının
ictimai-siyasi proseslərdə həmişə fəal olduğunu qeyd edib. Buna
misal olaraq, Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci
xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri adı verilməsini göstərib. Həmçinin o, qanunverici orqanın
rəhbərliyində qadın spikerin təmsil olunmasına, parlamentin üzvləri
arasında isə zərif cinsin kifayət qədər nümayəndəsinin olduğuna
diqqət çəkib. Könül Nurullayeva ölkəmizdə “Azərbaycan qadınlarının
Milli Komitəsinin yaradılması haqqında” Fərman, eləcə də “Gender
bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının
qarşısının alınması haqqında” qanunlar qəbul olunduğu bildirib.
Millət vəkili bütün bunları Azərbaycanda qadına verilən yüksək
qiymətin göstəricisi kimi qiymətləndirib.
Könül Nurullayeva bildirib ki, bizim gələcəyimiz olan gənclərlə
bir arada olmaq, onlara dəstək olmaq mənim üçün hər zaman xoşdur.
Millət vəkili, həmçinin dövlətimizin inkişafı üçün ən önəmli
faktorlardan biri olan gənclərimizin həmrəyliyinin bizi parlaq
gələcəyə doğru aparacağına əminliyini ifadə edib.
Sonda isə deputat Könül Nurullayeva tədbirin uğurlu təşkil
olunmasında əməklərinə görə “Davam” Gənclər Hərəkatı başda olmaqla
Azərbaycan Gənclər Fonduna, Naftalan Şəhər İcra Hakimiyyətinə,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkürünü bildirib,
layihənin hər bir iştirakçısına gələcək fəaliyyətlərində bol-bol
nailiyyətlər arzulayıb.