Könül Nurullayeva “Gənc deputatların qlobal təşəbbüsü” proqramında iştirak edib (FOTO)

“Oxu bacarıqlarını təmin edə bilməyən təhsil sistemlərinin
riyaziyyat, humanitar, həmçinin sosial elmlər kimi digər sahələrdə
biliklər əldə etməyə kömək edə bilməyəcəyi aşkardır. Bu səbəbdən də
öyrənmə yoxsulluğunun səviyyəsini minimuma endirmək dövlətlərin
sosial siyasətinin əsas tərkib hissəsi olmalıdır.”

Bu fikirlər Dünya Bankının patronajı altında Təhsil üzrə
Beynəlxalq Parlament Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Öyrənmə
yoxsulluğunun aradan qaldırılması üçün innovasiyalar” mövzusunda
keçirilən “Gənc deputatların qlobal təşəbbüsü” proqramının üçüncü
toplantısında iştirak edən Könül Nurullayevaya məxsusdur. Qeyd edək
ki, 40 yaşına çatmamış parlamentarilərin və Dünya Bankının
ekspertlərinin iştirakı ilə keçirilən virtual tədbir, bu gün
dünyanın üzləşdiyi ən aktual problemlərdən birini – pandemiya ilə
daha da pisləşən öyrənmə böhranını həll etmək üçün strategiyalar
üzrə dialoq platforması rolunu oynayır. Tədbirdə Dünya Bankının
təhsil üzrə qlobal direktoru Gayme Savedra, Dünya Bankının xarici
və korporativ əlaqələr üzrə vitse-prezidenti Şeyla Redpezi, Gənc
Deputatların Parlamentlərarası Birlik Forumunun prezidenti Sahar
Albazar, Meksika Parlamentinin üzvü Sinzia Lopez Kastro, Rumıniya
Parlamentinin üzvü Viktor Neqrosku, Nepal Parlamentinin üzvü Darma
Ray Reqmi, Finlandiya Parlamentinin üzvü Sanni Qrahn-Laasonhen,
Argentina Parlamentinin üzvü Brenda Varqas Matyi, İndoneziya
Parlamentinin üzvü Dah Roro Esti Vidya Putri, Tanzaniya
Parlamentinin üzvü Nima Kiçiki Luqanqira və digər önəmli qonaqlar
spiker qismində iştirak ediblər. Toplantıda qeyd olunub ki, bu gün
aşağı və orta gəlirli ölkələrdəki 10 yaşadək uşaqların 70%-i sadə
mətni belə oxumaqda çətinlik çəkirlər və bu, çox ciddi
problemdir.

COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərini qeyd edən
Könül Nurullayeva hesab edir ki, digər sahələrdə yaranmış
problemlər müəyyən formada bərpa oluna bilər, ancaq təhsil çox
dinamik və geri dönüşü olmayan bir sahə olduğundan uşaqların
təhsilindəki çatışmazlıqların gələcəkdə bərpası mümkün olmayan
fəsadlara yol açacağı istisna edilmir.

Deputat pandemiya dövründə Azərbaycanda təhsilin
fasiləsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən
tədbirləri xatırladıb: “Teledərslərin təşkili ilə təhsilin
əhatəliyi və əlçatanlığı təmin olundu, 1,6 milyon şagird tədrisə
cəlb olundu. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, “Virtual məktəb” layihəsi reallaşdı, ölkənin ən iri milli onlayn
platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi
yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə
məsafədən tədris imkanlarını genişləndirmək idi. Bunlarla yanaşı,
mövcud vəziyyətlə əlaqədar olaraq ənənəvi keçirilən müxtəlif
müsabiqə, yarışlar da virtual və onlayn formatda təşkil
edildi.”

​K.Nurullayeva Azərbaycanda pandemiya dövründə məktəbəqədər
təhsilin davamlılığı ilə bağlı tədbirləri də xatırladıb. Qeyd edib
ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Oynayırıq və öyrənirik”
adlı teledərslərə start verilib. Uşaqlara mövzulara dair nəzəri
məlumatlar verilməklə yanaşı, onların inkişafı üçün praktiki
məşğələlər də təqdim olunurdu.

K.Nurullayeva həmçinin 2020-ci ildə 44 günlük müharibənin də
təhsilə təsirsiz ötüşmədiyini qeyd edib. Belə ki, bu dövrdə
cəbhəyanı bölgələrdə 444 məktəbin fəaliyyəti dayandırılıb.

Deputat hazırda ölkəmizdə öyrənmə yoxsulluğunun aradan
qaldırılması ilə nəzərdə tutulan tədbirləri də diqqətə çatdırıb:
“2020-ci ildə Prezident Sərəncamı ilə təsdiqlənən “Uşaqlara dair
Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün
Fəaliyyət Planı”na əsasən, fövqəladə hallarda, pandemiya və bu kimi
xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə
təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi istiqamətində
mexanizmlər müəyyən olunması, uşaqların təhsilə çıxışında
bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud
normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər
hazırlanması nəzərdə tutulur. Eyni zamanda həssas qrupa daxil olan
18 yaşadək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil,
sağlamlıq və sosial hüquqlarının təmin edilməsi istiqamətində
tədbirlər görülməsi, təhsildən yayınma hallarının qarşısının
alınması məqsədilə nəzarətin gücləndirilməsi fəaliyyət planının
icrası üçün tədbirlər kimi nəzərdə tutulur.

Həmçinin, BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “Şagirdlərə
öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və
təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində
fərdi məsləhət xidməti (mentorluq)” layihəsi həyata keçirilir. Bu
layihənin həyata keçirilməsində əsas məqsəd pandemiya nəticəsində
öyrənmələrində ciddi boşluqlar yaranan şagirdlərin ehtiyaclarını
yerlərdə müəyyən etmək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə
həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün
təşkilinə təkan vermək üçün ümumtəhsil müəssisələrində çalışan
təhsilverənlərin peşəkar inkişafını təmin etməkdir. Bu məqsədlə
milli qiymətləndirmə tədqiqatının nəticələrinə əsasən ən aşağı
nəticə göstərmiş 6 rayonun, ümumilikdə 20 məktəbinin 842 şagirdinə
Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə ehtiyaclarına
uyğun dəstək göstərilib.”

K.Nurullayeva pandemiya və postpandemiya dövrünün təhsil
sistemini bir sıra çağırışlarla üz-üzə qoyduğunu və təhsil
sistemində daha çevik və optimal məzmun və tədris strategiyalarının
tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin ön
plana çıxdığını qeyd edib: “Bütün təhsil pillələrində, xüsusilə ali
təhsildə distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi,
texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin
edilməsi, həm təhsilalan, həm də təhsilverən şəxslərin rəqəmsal
bacarıqlarının formalaşdırılmasına və təkmilləşdirilməsinə xidmət
edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi vacib
istiqamətlərdən biridir.”

Teqlər: