Könül Nurullayeva AŞPA-nın sessiyasında 30 illik işğalın qadınların siyasi və ictimai qərar qəbul etmək imkanlarına mənfi təsirindən danışıb (VİDEO)

23 iyun 2021-ci il tarixində Millət vəkili Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə baş tutan videokonfransında iştirak edib.

AzerTimes-ın məlumatına görə, sessiyada “Təmsil olunmayan qruplardan olan qadınların siyasi və ictimai qərar qəbul etməsində iştirakının artırılması” mövzusu ətrafında çıxış edən Milli Məclisin deputatı azyaşlı, əlil, qaçqın və məcburi köçkün statuslarına sahib olan həssas qrup qadınların üzləşdiyi diskriminasiya və ictimai təyziqdən, bu qadınların siyasi və ictimai qərar qəbul etmədə qeyri-bərabər təmsil olunmasından söz açıb.

K.Nurullayeva çıxışında həmçinin 30 illik işğalın nəticələrinə toxunub. O bildirib ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər arasında çoxluq təşkil edən qadınlarımız siyasi və ictimai qərar qəbul etmək imkanlarından məhrum olub.

Millət vəkili həmkarlarına Azərbaycanın şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verən bir ölkə olaraq, daim qadın və kişilərin bərabərhüquqluluğunun tərəfdarı olduğunu diqqətə çatdırıb.

K.Nurullayeva vurğulayıb ki, qadınların dövlətin qərar qəbuledici orqanlarında Birinci Vitse-Prezident və Milli Məclisin sədri kimi vəzifələrə təyin olunması Azərbaycanda qadınların səlahiyyətlərinin təqdirəlayiq bir səviyyəyə çatmasının göstəricisidir.

Çıxışın sonunda isə deputat həmkarlarına qoşularaq, dünya ölkələrinə təmsil olunmayan qrup qadınların məruz qaldığı diskriminasiya və şiddətə qarşı yönəldilmiş siyasi mexanizmlərin tətbiqini tövsiyə edib.

Teqlər: