Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın yaz sessiyasının ilk iclasında çıxış edib.

AzerTimes-ın məlumatına görə, sessiya çərçivəsində K.Nurullayevanın üzvü olduğu Bərabərlik və Anti-Diskriminasiya Komitəsinin Təhlükəsiz və sağlam ətraf mühit hüquqlarına malik olmaq yolunda bərabərsizliklə mübarizə mövzusuna həsr olunmuş toplantısında əsas diqqət insanların ətraf mühit hüquqlarının qorunması məsələsinə yönəlib.

Millət vəkili bu mövzuda çıxış edərək, qeyd edib ki, iqlim dəyişiklikləri ilə bağlı ədalət, bərabərlik, ətraf mühitlə cəmiyyətin sintezi məsələləri fonunda bəzi ölkələr, xüsusilə məcburi köçkün və qaçqın icmaları ətraf mühit bərabərsizliklərinin acınacaqlı nəticələrindən daha çox təsir görürlər. Bu baxımdan insanların ətraf mühiti əhatə edən hüquqlarının bərabərliyini təmin etmək üçün millət vəkili bəzi təkliflər irəli sürüb:

“Təşkilatlar iqlim təsirlərini dəqiqliklə qiymətləndirməli, bu istiqamətdə iqlim riski və həssaslıq dəyərləndirmələrini həyata keçirərək ən çox təsirə məruz qalan qruplar əsnasında baza məlumatlarına sahib olmalıdırlar. Sözügedən həssas qruplar birbaşa cəmiyyət təşəbbüşlü iqlim davamlılığının planlaması üzrə həyata keçirilən tədbirlərin iştirakına cəlb edilməlidirlər”.

K.Nurullayeva bu sahədə Azərbaycan təcrübəsini də auditoriya ilə bölüşüb. Qeyd edib ki, Azərbaycan hökuməti ətraf mühitin qorunması məsələsini prioritet istiqamət kimi 2020-2025-ci illəri əhatə edən Milli Fəaliyyət Planına daxil edib, eyni zamanda bərpa olunan enerji mənbələrinə keçid üçün layihələr həyata keçirilir, “ağıllı şəhər” konsepsiyası, erməni işğalından azad edilmiş Zəngilan rayonunun Ağəli kəndindəAzərbaycanın ilk “ağıllı kənd” layihəsinin icrasına başlanıb: “Ağıllı kənd” konsepsiyalarının inkişafı, nəinki birbaşa olaraq ətraf mühit, eyni zamanda, ucqar kənd əhalisinin və qadınların əksəriyyət təşkil etdiyi 1 milyona yaxın soydaşımızın ekoloji və ətraf mühit bərabərliyi hüquqlarını da bərpa edəcək”.

K.Nurullayeva qeyd edib ki, milli platformalarla yanaşı, Paris Sazişi, Kyoto Protokolu, AŞPA-nın 2210 və 2307 saylı Qətnamələri də daxil olmaqla, bu kimi baza sənədlərin beynəlxalq hüquqi icra və tətbiq etmə mexanizmləri də gücləndirilməlidir.

Qeyd edək ki, sessiyanın ilk iclasının gündəliyində müxtəlif və önəmli müzakirələrə yer verilib. Onların sırasında Avropa cəmiyyətində milli azlıqların qorunması, COVID-19 əleyhinə vaksinləşmə prosesinin hüququ aspektləri, eləcə də Aleksey Navalnının həbsi və hazırki durumuna dair məsələlər yer alıb.

Teqlər: