Xəbər - Elçin Mehdiyev – Trend:
Millət vəkili Könül Nurullayeva AŞPA-nın komitə iclasında Qarabağda islam və xristian dini abidələrinin bərpasından, Azərbaycanda multikulturalizm ənənələrindən söz açıb
AzerTimes-ın məlumatına görə, AŞPA-nın “Bərabərlik və Anti-Diskriminasiya” komitəsinin növbəti onlayn iclası baş tutub. İclasda iştirak edən millət vəkili Könül Nurullayeva bir sıra təkliflərlə çıxış edib.
K.Nurullayevanın rəsmi sosial şəbəkələrindən əldə etdiyimiz məlumata əsasən, tədbirin budəfəki gündəliyinə İslamafobiyaya qarşı mübarizə, miqrasiya siyasətinin gender aspekti, sosial bərabərsizliyin aradan qaldırılması, “namus cinayətləri” üzərində iş və bir sıra digər əhəmiyyətli məsələlər daxil edilib.
“Avropada İslamafobiyanın qarşısının alınması və bu istiqamətdə maarifləndirmə” mövzusunda fikirlərini auditoriya ilə bölüşən K. Nurullayeva çıxışı zamanı Avropa cəmiyyətində kök salmış əsassız İslamafobiya, müsəlman əhalisi, xüsusilə müsəlman qadınları və gənclərinə qarşı edilən ayrı-seçkilikdən bəhs edib. Dünyəvi dövlət olaraq, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan nümunəsinə toxunan millət vəkili, öncə, Qarabağda 30 ilə yaxın bir müddətdə yerlə-yeksan olunmuş məscidlərimizə diqqət çəkib. Deputat müxtəlif mədəniyyət, din və sivilizasiyaların qovşağı olan, azad olunmuş Qarabağda məscid və kilsələri eyni anda bərpa edən multikultural Azərbaycan fonunda dünyada nifrətə deyil, yalnız sülhə yer olduğu mesajını da Avropalı auditoriyanın diqqətinə çatdırıb.