ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Frank Fallon X sosial platformasında ABŞ-ın Ermənistana təhlükəsizlik və humanitar sahədə dəstək verməsinin vacibliyini haqda yazıb.
AzerTimes xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Maraqlıdır ki, ABŞ-ın Ermənistana hərbi dəstəyi və Rusiyanı bu ölkədən sıxışdırmağa çalışması cəhdlərində yenidən Azərbaycan bəhanə kimi göstərilib. Üstəlik, bu konqresmen Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsini “Qarabağın işğalı” adlandırmaq kimi həyasızlıqdan da çəkinməyib.
“Erməni Müqəddəs Stefan Kilsəsinin 35 illiyinə həsr olunmuş tədbirdə mən Azərbaycanın Qarabağı “işğalından sonra” ABŞ-ın Ermənistana təhlükəsizlik və humanitar yardım göstərməsinin zəruriliyindən danışdım. Əliyevin Ermənistanın cənubuna qarşı mümkün hücumları ABŞ-dan hərəkət tələb edir”, – konqresmen iddia edib.
Yeri gəlmişkən qeyd edək ki, Ermənistan müdafiə nazirinin müavini Asryan bu gün ABŞ-ın Avropa Komandanlığının qərargahını ziyarət edərək, erməni ordusunun modernləşməsi üçün Pentaqondan yardım istəyib. Maraqlıdır ki, Ermənistanın istəkləri ilə konqresmenlərin açıqlamaları paralel davam edir, bəhanə isə yalnız Azərbaycandır.
Halbuki bu prosesin Rusiyaya qarşı olduğu da şübhəsizdir.