Xəbər - Çingiz Səfərli – Trend:
Təəsüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir.
Bu barədə AzerTimes-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən açıqlama verilib.
Bildirilib ki, erkən və qohumlar arasında nikahın bir sıra tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları var:
“Belə ki, erkən nikaha daxil olan yeniyetmə qızlar əksər hallarda öz təhsilini davam etmir və aldığı təhsil səviyyəsi ilə kifayətlənməli olurlar. Bu da onların sosial uyğunlaşma imkanlarını azaldır, inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərir. Nəticədə işsiz gənc qadınların sayının artmasına, onların maddi cəhətdən həyat yoldaşından və ya valideynlərindən asılı olmasına gətirib çıxarır. Digər tərəfdən məişət zorakılığı hallarının artmasına və nəticədə tənha analarının sayının artmasına, psixoloji travmalara səbəb olur. Həmçinin nikaha daxil olan yeniyetmə qızın sağlamlığına da ciddi təhlükə yaranır, belə hallar uşaq və ana ölümü riskinin artması ilə nəticələnir. Sağlamlıq imkanları məhdud olan uşaqların doğulması riskinin artmasına da gətirib çıxarır. Qeyd etmək lazımdır ki, belə nikahlar dini mərasimlər əsasında bağlanır. Gələcəkdə belə ailədə problem yaşanarsa, qanundan kənar bağlanan nikahlara daxil olan şəxslərin hüquqi müdafiəsində də problem yaranır”.
Komitə ictimai fəal insanları, qeyri-hökumət təşkilatlarının nümayəndələrini, din xadimlərini, ümumilikdə bütün cəmiyyət üzvlərini problemlə mübarizədə fəal olmağa, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməyə çağırıb:
“Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümünəsi” kimi dəyərləndirilməlidir. Odur ki, Dövlət Komitəsi belə hallarla üzləşən şəxslərə dərhal Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət edilməsini tövsiyə edir”.
Twitter: @cingizsafarli