Komitədə icalas: Böyük Qayıdışa hazırlıq…

Komitədə icalas: Böyük Qayıdışa hazırlıq…

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Bu barədə AzerTimes-a Dövlət Komitəsindən məlumat verilib.

İclasda Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə konkret tapşırıqlar verdiyi xatırladılıb. Dövlətimizin başçısı müvafiq qurumlara gələn ilin büdcəsinə infrastruktur, yaşayış binaları, kəndlərin qurulması üzrə layihələrin daxil edilməsini tapşırıb. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə və açılan iş yerlərində yerli sakinlərin – keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması mühüm bir vəzifə kimi qarşıya qoyulub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə komitənin fəaliyyət istiqamətləri üzrə verdiyi tapşırıqların icrası təmin ediləcəkdir.

Prezident İlham Əliyevin tapşırığı əsasında, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yeni salınan Ağalı kəndinə qayıdışının başlanmasını tarixi hadisə kimi dəyərləndirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev son iki gün ərzində 20 ailənin yola salındığını və bundan sonra da köçürülmənin yüksək səviyyədə təşkil edilməsinin vacibliyini bildirib.

Böyük Qayıdışın daha da sürətləndirilməsi üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparıldığı qeyd edilib.

Kollegiya iclasında, həmçinin komitənin elektron bazasının təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, təchizat və istehsalat sahələrində işlərin təşkili və s. məsələlərə baxılıb, müvafiq tapşırıqlar verilib, fəaliyyət istiqamətləri müəyyənləşdirilib.Eyni zamanda, Zəngilan rayonunun Ağalı kəndinə yerli sakinlərin köçürülməsinin növbəti mərhələlərinin də ardıcıl şəkildə icra olunması üçün komitənin şöbə və departamentlərinə müvafiq tapşırıqlar verilib.

Teqlər: