Komitə sədri təhsil xərclərinin əhəmiyyətini açıqlayıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2022-ci ilin dövlət büdcəsində təhsilə ayrılan xərcləri xüsusi qeyd etmək istərdim. Təhsil xərclərinin 2022-ci il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 4,5 faiz olmaqla dövlət büdcəsindən 3884,3 milyon manat vəsait ayrılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

B.Əliyev bildirib ki, dövlət büdcəsinin yüksək rəqabətli insan kapitalının formalaşması konsepsiyasına uyğun olaraq həyata keçirilən təhsil sahəsindəki islahatların maliyyə təminatı 2022-ci ilin dövlət büdcəsində əsaslı şəkildə möhkəmləndirilib:

“Təhsil xərclərinin 2022-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 13,0 faiz təşkil etməsi onu göstərir ki, dövlət tərəfindən vətəndaşların keyfiyyətli təhsilə çıxışına təminat yaradılmışdır. Bununla bağlı bəzi statistik göstəricilərə diqqəti çəkmək istərdim: dövlət sifarişi ilə təhsil alan alan tələbələrin sayı 110834 nəfərə çatdırılacaqdır. Ölkə üzrə tələbələrin ümumi sayı təqribən 180000 nəfərdir və onların 60 faizdən çoxu, yəni 110834 nəfəri dövlət hesabına təhsil alacaqdır; təqribən 22000 həssas sosial kateqoriyadan olan tələbənin təhsil xərci dövlət büdcəsi hesabına qarşılanır; Prezidentin Fərmanı ilə “Təhsil-tələbə krediti fondu” yaradılmış və onun nizamnamə kapitalının 102 milyon manata çatdırılması nəzərdə tutulub; təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 50 faizdən az olmayan səviyyəyə çatdırılması və bu tendensiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur; növbəti ildə 600 təhsil müəssisəsinin təmiri və investisiya proqmlarına uyğun olaraq yeni məktəblərin tikilməsi həyata keçirilməsi planlaşdırılır; Bununla bağlı təkcə bir faktı qeyd edək ki, Prezident İlham Əliyev azad edilmiş şəhər və kəndlərimizdə inşa ediləcək ən müasir infrastruktura malik ümumtəhsil məktəblərinin bir neçəsinin təmilini qoyub. Tələbələrin təqaüdlərinin, müəllimlərin əməkhaqqının artırılması nəzərdə tutulur.


Qeyd etməliyik ki, 2022-ci ilin dövlət büdcəsində əməyin ödənişi xərclərinə 8097,3 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Bu, cari ilin büdcəsindən 1496,3 milyon manat çoxdur və son hədd də deyil. Çünki neft gəlirlərinin proqnozdan artıq daxil olan hissəsi Prezidentin təşəbbüsü ilə ilk növbədə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsinə, o cümlədən maaşların artırılmasına yönləndirilməsi ilə bağlı büdcəyə dəyişikliklər də edilir”, – deyə B.Əliyev bildirib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunu layihəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanmış mükəmməl qanun layihəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş bu büdcə layihəsi Qalib Dövlətin daha da güclənməsinin, Qalib Xalqın firavan həyatının və azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun dirçəldiməsinin maliyyə təminatıdır:

“Hesab edirik ki, 2022-ci ilin dövlət büdcəsi qısa müddət ərzində ölkənin dinamik inkişafını və əhalinin sosial müdafiəsini daha da gücləndirməyə imkan verəcəkdir”, – deyə B.Əliyev qeyd edib.

Teqlər: