Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov
İsveçrəyə səfəri çərçivəsində Sürix şəhərində fəaliyyət göstərən “Buta” rəqs dərnəyinin fəaliyyəti ilə tanış olub.
Komitədən AzerTimes-a verilən
məlumata görə, dərnək ötən ilin fevralında milli rəqslərimizin
təbliği, xalqımızın mədəni irsini tanıtmaq və sevdirmək məqsədilə
DİDK-nın dəstəyi ilə “Azərbaycanın Dostları” təşkilatının nəzdində
fəaliyyətə başlayıb. Dərnəkdə dərsləri kiçik və böyük yaş qrupları
üzrə təcrübəli xoreoqraf Cəmilə Muradova tədris edir.
İsveçrədə yaşayan soydaşlarımız dərnəyin fəaliyyətini böyük
sevinc və maraqla qarşılayıblar. Artıq rəqs qrupuna yalnız Sürixdə
deyil, İsveçrənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlı
uşaqlar da qoşulublar. Həftəsonu keçirilən dərslər zamanı balaca
həmvətənlərimizə tariximizi və milli adət-ənənələrimizi əks etdirən
rəqslər, bu sənətin özəllikləri tədris olunur.
Qeyd olunub ki, yeni yaranmasına baxmayaraq, “Buta” rəqs dərnəyi
artıq bir sıra uğurlara da imza atıb, 2021-ci ilin may ayında
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 2 nömrəli
Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə
keçirilən”Azərbaycan Vətənimdir” adlı onlayn beynəlxalq rəqs
müsabiqəsində I yerə layiq görülüb. İndiyədək dərnəyin
şagirdlərinin ifasında Xocalı soyqırımının ildönümü və Novruz
bayramı ilə əlaqədar xüsusi proqramlar da təqdim edilib.
Komitə sədri dərnəyin üzvü olan uşaqlarla görüşərək, onların
arzu və istəklərini dinləyib. Görüş zamanı gələcəkdə dərnəyin
fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi
aparılıb.